Səhiyyə Nazirliyi: Ölkədə tədarük olunan qanın həcmi artıb

Səhiyyə Nazirliyi: Ölkədə tədarük olunan qanın həcmi artıb
# 18 fevral 2016 10:31 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Ölkədə əvvəlki illərlə nisbətdə tədarük olunan qanın həcmi artıb. Səhiyyə Nazirliyinin təşkilatçılığı 2015-ci ildə respublika üzrə keçirilən qanvermə aksiyalarında 36 ton 597 litr qan tədarük edilib. 2014-cü ildə isə bu göstərici 36 ton 193 litr olub”.

Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumatda qeyd olunub ki, qanvermə aksiyalarında iştirak edən könüllü donorların sayı artır: “2015-ci ildə qanvermə aksiyalarında 75184 nəfər iştirak etmişdisə, 2014-cü ildə bu rəqəm 72697 nəfər olub. Donor qanının əksər hissəsi Mərkəzi Qan Bankında, Milli Onkologiya Mərkəzində və Respublika Kliniki Tibbi Mərkəzdə toplanıb”.

Qeyd olunub ki, ümumilikdə, 2015-ci ildə, Aşura günü keçirilən tədbirlər nəzərə alınmadan, 318 qanvermə aksiyası keçirilib: “Tədarük olunan qan və komponentlərindən hemofiliyalı və talassemiyalı xəstələrə, həmçinin qana ehtiyacı olan bütün şəxslərin müalicəsində istifadə olunur. Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı və regionlarda könüllü qanvermə aksiyaları davam edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR