Deputat: “Ukraynadakı azərbaycanlıların təhlükəsizliyi üçün bütün tədbirlər görülür”

Deputat: “Ukraynadakı azərbaycanlıların təhlükəsizliyi üçün bütün tədbirlər görülür”
# 11 oktyabr 2016 14:02 (UTC +04:00)

Bakı – APA. Milli Məclisin deputatı, MDB Parlamentlərarası Assambleyasının siyasi məsələlər və beynəlxalq əməkdaşlıq Daimi komissiyasının sədr müavini, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev Ukraynada rəsmi səfərdə olub.

APA-nın məlumatına görə, səfərdən qayıtdıqdan sonra R. Quliyev mətbuata açıqlama verib.

Bildirilir ki, oktyabr ayının 6-da deputat Kiyevdə Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri və bəzi üzvləri ilə görüşüb. Görüşdə Azərbaycan tərəfdən deputat Rüfət Quliyev, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, Azərbaycanın Ukraynadakı diasporunun fəalları, Ukrayna tərəfindən isə qrupun rəhbəri Maksim Kuryaçı və digərləri iştirak edib.

Görüşdə çıxış edən R. Quliyev son vaxtlar Azərbaycan-Ukrayna əlaqələrinin hər sahədə yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq qeyd edib ki, bu ilin iyul ayında Ukrayna prezidenti Pyotr Poroşenkonun Bakıya səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşləri bu münasibətlərin tarixində yeni səhifə açıb, strateji müttəfiq olan iki dost ölkəni daha da yaxınlaşdırıb, beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycan həmişə Ukraynanın maraqlarını dəstəkləyib, Ukrayna da Azərbaycana dost ölkə olduğunu nümayiş etdirib.

Eyni zamanda R. Quliyev ukraynalı həmkarlarının nəzərinə onu da çatdırıb ki, son vaxtlar Ukraynanın bəzi vilayət və şəhərlərində azərbaycanlılara qarşı xoşagəlməz hallar baş verməkdədir. Deputat bildirib ki, belə hallar iki ölkənin qardaşlıq münasibətlərinə xələl gətirə bilər və onların qarşısı qətiyyətlə alınmalıdır. İşçi qrupun üzvləri də bu mübarizədə fəal mövqe tutmalıdır.

Ukraynalı deputatlar isə qeyd ediblər ki, ölkə müharibə şəraitində olduğundan cəbhəyanı bölgələrdə kriminogen vəziyyətlə bağlı gərginlik hiss olunur və yalnız azərbaycanlılara qarşı deyil, digər millətlərin nümayəndələrinə və ukraynalıların özlərinə qarşı da qanunazidd hallar baş verir.

Deputat həmçinin Ukraynanın Azərbaycana həmişə loyal münasibət bəsləyən yüksək vəzifəli şəxsləri ilə görüşüb. Görüşlərdən məmnun qalan deputat belə qənaətdədir ki, Ukrayna hazırda müharibə şəraitində olmaqla yanaşı, həm də keçid dövrünü yaşayır, milli iqtisadiyyat yenidən formalaşır. Ölkədə həyata keçirilən islahatların bəziləri başa çatmayıb ki, bu da neqativ hallara səbəb olur. Nəticədə hamı kimi orada yaşayan azərbaycanlılar da bəzən zorakılıq, təcavüz hallarına məruz qalırlar. Belə hallar cəbhəyanı bölgələr üçün daha xarakterikdir. Ukraynalı deputatlar belə hadisələrdən çox narahatdırlar və Ali Rada səviyyəsində də bu məsələni müzakirəyə çıxarıblar. Onlar söz veriblər ki, hər bir zərərçəkən azərbaycanlı istənilən vaxt onlara müraciət edə bilər.

Səfiri A. Xudiyev isə bildirib ki, yaxın 2-3 ayda azərbaycanlıların bir çox çətinlikləri həll olunacaq və onların hüquqları qanun çərçivəsində etibarlı şəkildə qorunacaq. Buna görə də hazırda baş verən bəzi neqativ halları şişirtməyə, iki dost xalq arasında narazılıq yaratmaq üçün heç bir əsas yoxdur. Ajiotaj yaratmaq isə anti-Azərbaycan qüvvələrinin dəyirmanına su tökməkdir. Azərbaycan və Ukrayna xalqları həmişə dost olublar və bu, belə də olacaq. Azərbaycanlılara qarşı zorakılıq, xuliqanlıq edənlər isə heç də Ukrayna xalqını təmsil etmirlər və cinayətkarın vətəni olmaz.

R. Quliyev Hikmət Cavadovun rəhbərlik etdiyi diaspor təşkilatının üzvləri ilə də görüşüb, Ukraynada təhsil alan azərbaycanlı tələbələr barədə öz fikirlərini bölüşüb. O bildirib ki, bəzi tələbələr səhlənkarlıq edir, dərslərində iştirak etmirlər, Azərbaycan nömrəli bahalı maşınlar sürməyi özlərinə fəxr sayırlar. R. Quliyev belə tələbələri intizama dəvət edib və valideynlərinə müraciət edib ki, övladlarına nəzarəti gücləndirsinlər, obyektiv şikayətləri olduqda birbaşa təhsil müəssisələrinin rəhbərlərinə, Ukraynadakı səfirliyimizə, diaspor rəhbərinə müraciət etsinlər.

Azərbaycan Daxili İşlər Nazirliyinin Ukraynadakı nümayəndəsi polkovnik Şahin Qocayev isə son vaxtlar Azərbaycan kütləvi informasiya vasitələrində bu ölkədə oğurlanan soydaşlarımızın sayının şişirdilməsi məsələsinə toxunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR