KTN aqrar sahədə fəaliyyət göstərən sahibkarlara və fermerlərə müraciət edib

KTN aqrar sahədə fəaliyyət göstərən sahibkarlara və fermerlərə müraciət edib
# 27 iyun 2018 16:46 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti Kənd təsərrüfatı bitkilərinin toxumçuluğu, tingçiliyi və kənd təsərrüfatı məhsuları istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslərin nəzərinə çatdırır ki, “Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Qanununun 26-cı maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında yalnız patentləşmiş və Dövlət reyestrinə daxil edilmiş seleksiya nailiyyətləri istehsalatda istifadə edilə bilər.

KTN-dən “APA-Economics”ə verilən məlumata görə, sortun dövlət reyestrində olması, həmin sortun toxumunun və yaxud əkin materialının Azərbaycan Respublikası ərazisinə gətirilməsinə, uyğun regionlarda reallaşmasına satılmasına, karantin tələblərinə riayət edilməklə daşınmasına, artırılmasına hüquq verir. Ölkəyə gətirilən bitki materialları toxum, ting, digər əkin materialı müvafiq qaydada standartlara uyğun sertifikatlar ilə təchiz olunmalıdır.

“Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə əsasən Dövlət reyestrində qeydiyyatdan keçmiş sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq (mənşə) sertifikatı və fitosanitar sertifikatı olan toxumlar Azərbaycan Respublikasına idxal oluna bilər. Dövlət Reyestrində qeydiyyata alınmamış sortların toxumları yalnız seleksiya, tədqiqat, sınaq və sərgilərdə nümayiş etdirmək məqsədilə idxal oluna bilər.

“Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Qanununun 21-ci maddəsinin 21.1. bəndinə əsasən Azərbaycan ərazisinə genetik modifikasiya olunmuş bitkilərin (GMOB) genetik materiallarının gətirilməsi və dövlət reyestrinə daxil edilməsi qadağandır.

Göstərilənlərə əməl etməyən hüquqi və fiziki şəxslər barədə Cinayət Məcəlləsinin 166 ixtiraçılıq və patent hüquqlarını pozma və 200-cü maddələrinin istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma tələblərinə əsasən müvafiq tədbirlər görüləcəkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR