Bu il qışda rayonlarda 22, Bakıda 7 dərəcəyədək şaxta qeydə alınıb

Bu il qışda rayonlarda 22, Bakıda 7 dərəcəyədək şaxta qeydə alınıb
# 07 aprel 2017 14:23 (UTC +04:00)

Bu ilin qış fəslində Azərbaycanda müşahidə olunan minimal temperatur açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova APA-ya deyib ki, ölkə ərazisində daha çox şaxta Böyük Qafqazın dağlıq ərazilərində, eləcə də Naxçıvan Muxtar Respublikasında müşahidə edilib. Onun sözlərinə görə, qış ərzində (dekabr-yanvar-fevral) Böyük Qafqazın dağlıq ərazilərində, eləcə də Naxçıvan Muxtar Respublikasında havanın minimal temperaturu 17-22 dərəcə arasında dəyişib: “Bakıda və Abşeron yarımadasında isə mənfi 7 dərəcəyədək şaxta (mənfi temperatur) qeydə alınıb. Belə ki, qış fəsli zamanı Bakıda və Abşeron yarımadasında havanın minimal temperaturu 2-7 dərəcə arasında dəyişib”.

G.Məmmədova qeyd edib ki, 3 ay ərzində ölkə ərazisində yağıntılar qeyri-bərabər şəkildə bölünüb. Onun sözlərinə görə, intensiv xarakterli yağıntılar daha çox Lənkəran-Astara zonası, Mərkəzi Aran rayonları və Böyük Qafqazın bəzi ərazilərində müşahidə olunub: “Ümumilikdə, qış fəslində havanın temperaturu iqlim normasına yaxın olub. Hava şəraitindən asılı olaraq bəzi günlərdə temperaturlar 2-3 dərəcə yüksək, bəzi günlərdə isə 3-4 dərəcə aşağı olub. Əsasən, temperaturlar iqlim norması daxilində tərəddüd edib. Ötən illərlə müqayisədə bu ilin qış fəslində qış ayları üçün rekord göstəricilər təzələnməyib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR