Bakı Ali Neft Məktəbi “Schneider Electric” və “AVANDSIS GROUP” şirkətləri ilə əməkdaşlıq edəcək

Bakı Ali Neft Məktəbi “Schneider Electric” və “AVANDSIS GROUP” şirkətləri ilə əməkdaşlıq edəcək
# 07 may 2015 07:53 (UTC +04:00)

Bakı-APA. Bakı Ali Neft Məktəbi (BANM) Schneider Electric və AVANDSIS GROUP şirkətləri ilə əməkdaşlıq haqqında razılaşma imzalayıb.

BANM-nin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, imzalanma mərasimində BANM-in rəhbərliyi, Schneider Electric şirkətinin Orta Asiya ölkələri üzrə prezidenti Emrah Tekdemirin və AVANDSIS GROUP şirkətinin direktoru Həsən Süleymanovun rəhbərlik etdikləri nümayəndə heyətləri, Fransanın Azərbaycandakı Səfirliyinin Universitetlərlə əlaqələr üzrə nümayəndəsi Şarlott Payen, həmçinin BANM-in professor-müəllim heyəti və tələbələri iştirak edib.


BANM-in rektoru Elmar Qasımov ali məktəbin fəaliyyəti və əməkdaşlıq etdiyi şirkətlər barədə məlumat verib. BANM-in dünyanın aparıcı transmilli şirkətləri ilə əməkdaşlığından məmnunluqla danışan rektor E.Qasımov rəhbərlik etdiyi ali təhsil ocağında keçirilən tədbirlərə bu şirkətlərin dəstək verdiklərini bildirib. O, bu yaxınlarda BANM-də Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tələbələrin 3-cü elmi-texniki konfransının keçirilməsində “AVANDSİS GROUP”un yaxından iştirakı etdiyini bildirib. Rektor E.Qasımov hər iki şirkətlə qurulan əməkdaşlığın Ali Məktəbdəki “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında xüsusi rol oynayacağını qeyd edib. O, bu əməkdaşlığın eyni zamanda, tələbələr üçün təcrübə və gələcək karyera imkanları yaradacağını deyib.

Emrah Tekdemir təmsil etdiyi şirkətin Azərbaycanda 10 ildən artıq fəaliyyət göstərdiyini deyib.

Həsən Süleymanov BANM-in tələbələrinin gələcəkdə təmsil etdiyi şirkətin fəaliyyətinə cəlb olunması, onların işlə təminatına imkanların mövcud olduğunu bildirib.

Şarlott Payen səfirlik adından çıxış edərək, BANM-lə şirkətlər arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, nəzəri biliyin təcrübə ilə birləşməsinin çox vacib faktor olduğunu vurğulayıb. Bu baxımdan müqavilələrin tələbələr üçün əlverişli şərait yaradacağını qeyd edib. O, həmçinin Fransada mühəndislik sahəsində magistratura təhsili üçün imkanlar olduğunu deyib.

Sonra hər iki şirkətlə müqavilələrin imzalanma mərasimi olub.

Qeyd edək ki, imzalanan əməkdaşlıq haqqında razılaşma BANM-də “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etmək üçün zəruri maddi-texniki, elmi-metodiki dəstəyin alınmasına və təşkilati tədbirlərin həyata keçirilməsinə imkan yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR