Nazirlik: Azərbaycanda 2 milyondan çox uşaq və yeniyetməyə Elektron Sağlamlıq Kartı verilib

Nazirlik: Azərbaycanda 2 milyondan çox uşaq və yeniyetməyə Elektron Sağlamlıq Kartı verilib
# 04 oktyabr 2016 13:53 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu vaxta kimi Səhiyyə Nazirliyi tərəfindən Azərbaycanda 2 milyon yarıma yaxın uşaq və yeniyetmə qeydiyyata götürülüb və onlara Elektron Sağlamlıq Kartı verilib. Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin informasiya siyasəti şöbəsinin müdiri Arzu Mirzəyev APA-ya deyib ki, burada 2006-cı ilin yanvarın 1-dən bu günə kimi doğulanlar əsas götürülüb.

A.Mirzəyev qeyd edib ki, ölkədə 1 milyondan artıq yeni doğulmuşa da Elektron Sağlamlıq Kartı verilib: “Sağlamlıq kartının üzərində ad, soyad, sistemdə olan unikal kodu, doğum tarixi, qan qrupu əks olunur. Amma kart xüsusi çiftlə tərtib olunub ki, orada onun həm şəxsi, həm də tibbi məlumatları da qeyd olunur”.

Şöbə müdiri vurğulayıb ki, Səhiyyə Nazirliyində yaradılması nəzərdə tutulan 38 elektron xidmətdən 35-i artıq tam hazırdır və insanların istifadəsinə verilib. Onun sözlərinə görə, Nazirlər Kabineti tərəfindən nəzərdə tutulmuş siyahıdan əlavə də 4 yeni elektron xidmətlər yaradılıb. A.Mirzəyev bildirib ki, hazırda vətəndaşların istifadəsinə verilmiş xidmətlərin sayı 39-dur: “Ən son istifadəyə verilən xidmətlərdən biri ambulator tibb müəssisələrindən evə çağırış və həkim qəbuluna qeydiyyatdır. Bundan əlavə, mərkəzləşmiş işə qəbul xidmətində verilən son qərarlara əsasən dəyişiklik edib. Bu xidmət həm həm yeni qaydalara uyğunlaşdırılıb, həm də interfeysi dəyişdirilib. Həkimlərin işə qəbulu qaydaları əvvəlki qaydada aparılır. Həkim və ya tibb işçisi kimi çalışmaq istəyənlər elektron xidmət vasitəsilə müraciət edir, sonradan onların sənədlərinə baxılır və müvafiq müsabiqədən keçəndən sonra işə qəbul olunurlar. Sadəcə, xidmət interfeys olaraq dəyişdirilib və istifadəsi asanlaşıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR