Bakı - APA. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) avqustun 9-da Ağdam və Tərtər rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında məlumat yayıb.
ANAMA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ağdam rayonunun Əfətli kəndində əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, partlamış "Qrad" (9M22U raketi) qalıqları aşkar edilərək götürülüb.
Tərtər rayonunun Şıxarx kəndi ərazisində isə otlaq sahəsində 4 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatın qalıqları aşkar edilib.
Ümumilikdə ANAMA tərəfindən 7 aprel – 9 avqust 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 642 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilmiş, 3 470 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 24 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.