Azərbaycanda fond birjasının, klirinq təşkilatının və investisiya fondunun depozitarının nizamnamə kapitalı 1 milyon manat olacaq

Azərbaycanda fond birjasının, klirinq təşkilatının və investisiya fondunun depozitarının nizamnamə kapitalı 1 milyon manat olacaq
# 07 noyabr 2015 16:17 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin nizamnamə kapitalının minimum miqdarı və onun formalaşdırılması haqqında Qaydalar”ı təsdiq edib.

APA-nın məlumatına görə, bu Qaydalar investisiya şirkətinin, fond birjasının, klirinq təşkilatının və investisiya fondunun depozitarının nizamnamə kapitalının minimum məbləğini və onun formalaşdırılması qaydalarını tənzimləyir.

Qaydaya əsasən fond birjasının və klirinq təşkilatının nizamnamə kapitalının, eyni zamanda investisiya fondunun depozitarının nizamnamə kapitalının minimum məbləği 1 milyon manat həcmində müəyyən edilib. Yrdımçı investisiya xidmətlərinin göstərilməsi üçün investisiya şirkətinin (B kateqoriya) nizamnamə kapitalının minimum məbləği 75 min manat, əsas investisiya xidmətlərin göstərilməsi üçün investisiya şirkətinin (A kateqoriya) nizamnamə kapitalının minimum məbləği isə 300 min manat həcmində müəyyən edilib.

İnvestisiya şirkətinin, fond birjasının, klirinq təşkilatının və investisiya fondunun depozitarının nizamnamə kapitalının ödənilməsi yalnız pul vəsaitləri ilə həyata keçirilir. İnvestisiya şirkətinin, fond birjasının, klirinq təşkilatının və investisiya fondunun depozitarının nizamnamə kapitalının formalaşdırılması və ya artırılması zamanı səhmlərinin yerləşdirilməsindən daxil olmuş pul vəsaitləri klirinq təşkilatının üzvü olan banklarda açılmış xüsusi hesabda saxlanılır. Bu vəsaitlər səhmlərin emissiyasının yekunları haqqında hesabat təsdiq edilənədək yalnız həmin banklarda depozit şəklində və ya qısamüddətli dövlət qiymətli kağızlarına yerləşdirilə bilər. Emissiyanın yekunları haqqında hesabat təsdiq edildikdən sonra həmin vəsaitlər investisiya şirkətinin, fond birjasının, klirinq təşkilatının, investisiya fondunun depozitarının biznes planına uyğun olaraq istifadə edilir.

Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətinə (fond birjası, depozitar, klirinq, broker, diler və aktivlərin idarəedilməsi fəaliyyəti) lisenziya almış və məhdud məsuliyyətli cəmiyyət formasında fəaliyyət göstərən şəxslər qanun ilə müəyyən edilmiş müvafiq fəaliyyətin həyata keçirilməsi üçün lisenziyasının alınması zamanı səhmdar cəmiyyəti formasında yenidən təşkil edildikdə onların nizamnamə kapitalının ödənilməsi pul vəsaitlərindən əlavə Mülki Məcəllə ilə müəyyən edilmiş digər əmlak ilə həyata keçirilir. Bu tələblərə uyğun olaraq formalaşdırılmış nizamnamə kapitalının həcmi hüquqi şəxsin yenidən təşkil olunmasından əvvəlki tarixə tərtib olunmuş və kənar auditor rəyi ilə təsdiq edilmiş hesabatında əks olunmuş məcmu kapitalından artıq ola bilməz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR