Azərbaycanın Bolqarıstandakı səfiri “Tolerantlıq məskəni” sənədli filminin təqdimatında iştirak edib

Azərbaycanın Bolqarıstandakı səfiri “Tolerantlıq məskəni” sənədli filminin təqdimatında iştirak edib
# 27 sentyabr 2017 15:45 (UTC +04:00)

Bolqarıstanın paytaxtı Sofiya şəhərində, Bolqarıstan Kinematoqrafçılar İttifaqının Kino Evində “Tolerantlıq məskəni” sənədli filminin premyerası keçirilib.

Azərbaycanın Bolqarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, “Vreme” studiosunun istehsalı olan bu sənədli filmdə martın 31-də Bolqarıstanın əhalisi əsasən bolqar türkləri olan Kırcalı vilayətinin inzibati mərkəzi Kırcalı şəhərində yerli əhalinin və ölkənin 19 şəhərindən 500-dən çox yuxarı sinif şagirdinin, Azərbaycan, ABŞ və İsrail səfirlərinin iştirakı ilə, 1943-cü ildə İkinci Dünya Müharibəsi zamanı Bolqarıstan yəhudilərinin ölüm düşərgələrinə deportasiyadan xilas edilməsinin 74-cü ildönümünə həsr olunmuş “Tolerantlıq günü və beynəlxalq dəstək” adlı milli konfransdan bəhs olunur.

Tədbirin açılışında çıxış edən keçmiş prezident Peter Stoyanov 1943-cü ildə nasist Almaniyasının müttəfiqi olmuş Bolqarıstanda yəhudi əsilli vətəndaşların ölüm düşərgələrinə deportasiyadan xilas olunmasının ölkəsinin tarixində ən şanlı anlardan biri olduğunu qeyd edərək bolqar cəmiyyətinin bütün mütərəqqi qüvvələrinin birgə səyləri nəticəsində həmin gün humanizmin və tolerantlığın amansız şər üzərində qələbə çaldığını bildirib. O, müxtəlif xalqların yaşadığı Bolqarıstanda tarixən yəhudilərə qarşı heç bir ayrı-seçkilik olmadığına diqqət çəkərək 48 min yəhudi əsilli vətəndaşın ölümdən qurtarılması nəticəsində bolqar milli şərəfinin də xilas olunduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova martın 31-də Kırcalıdə keçirilmiş tədbiri yüksək qiymətləndirib. Əsrlər boyu müxtəlif sivilizasiyaların kəsişməsində yerləşən Azərbaycanda tolerantlığın milli mənəvi dəyəri olduğunu bildirən səfir bunun tək dövlət siyasəti deyil, insanların gündəlik yaşam tərzi olduğunu söyləyib. O, şərq və qərb, şimal və cənub arasında siyasi, ticarət və mədəni körpüsü olan Azərbaycanın Bakı şəhərinin son on il ərzində multikulturalizm və mədəniyyətlərarası dialoqun dünya miqyasında tanınmış beynəlxalq mərkəzə çevrildiyini bildirib.

Tədbirdə Kırcali merinin müavini Veselina Tixomirova da çıxış edib. Sonda İsrail-Bolqarıstan İnstitutunun sədr müavini Yakov Cerasi tərəfindən 1943-cü ildə Bolqarıstan yəhudilərinin xilasına dair ən yaxşı inşaların müəllifi olan gənclərə mükafatlar təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR