Milli Məclis sədrinin I müavini: “Dağlıq Qarabağ probleminin həllində nə Avropa Şurası, nə də Avropa İttifaqından dəstək ala bilmədik”

Milli Məclis sədrinin I müavini: “Dağlıq Qarabağ probleminin həllində nə Avropa Şurası, nə də Avropa İttifaqından dəstək ala bilmədik”
# 22 iyul 2015 16:49 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Bizim Avropa Şurası və Avropa İttifaqından gözləntilərimiz çox idi. Çox təəssüf ki, gözləntilərimizin özünü doğrultduğunu görmədik”


APA-nın məlumatına görə, bunu sözləri Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov söyləyib.

Z. Əsgərov deyib ki, Azərbaycan Avropa Şurasına daxil olarkən bu qurumun demokratiya, insan hüquqları, hüququn aliliyi kimi dəyərlərinə önəm verib: “Hüququn aliliyi bütün dünyada qəbul olunmuş bir məsələdir. Hələ 17-18-ci əsrlərdən bu yana bu prinsipin bərqərar olması uğrunda bütün dövlətlərdə tədqiqat işləri, mübarizələr aparılıb və bu günə gəlib çatıb. Amma biz Avropa Şurası timsalında nəyə nail olduq? Biz Avropa Şurasında hüququn aliliyi dəyəri əvəzində təəssüf ki, gücün aliliyi ilə qarşılaşdıq. Fikirləşirdik ki, hüququn aliliyi necə olan bir şeydir, qanunvericiliyimizdə bunu necə əks etdirməliyik?! Onsuz da hüququn aliliyi Konstitusiyamızda var, bilirdik ki, bu, nədir, sadəcə, Avropa Şurasında, Avropa təşkilatlarında hüququn aliliyi əvəzinə gücün aliliyi ilə rastlaşdıq. Bu o deməkdir ki, bu gün dünyanı beynəlxalq hüquq yox, güc idarə edir, prezident İlham Əliyev də bunu qeyd etdi. Məsələn, Azərbaycan Avropa Şurası ilə insan haqları dəyərlərini bölüşmək istədi, ancaq “beşinci kolon”la rastlaşdı”.


Z. Əsgərov bildirib ki, Azərbaycan Avropa Şurası ilə insan haqları sahəsində əməkdaşlıq etmək istəyib, amma onlar Azərbaycanda “beşinci kolon” yaratmaqla məşğul olublar: “Buna da çox təəssüf edirik. Demokratiya xalqın hakimiyyətidir, amma demokratiya adı altıda Azərbaycanda “domkratiya” yaratmaq istədilər. Digər tərəfdən, Azərbaycan üçün əsas problem olan Dağlıq Qarabağ münaqişəsinin həllində nə Avropa Şurası, nə də Avropa İttifaqından bir əməli dəstək ala bilmədik. Sadəcə, sözlər deyildi, bəyanatlar verildi, amma nəticə yoxdur. Bu gün də Avropa İttifaqının prezidenti Donald Dusk Azərbaycanda oldu, müzakirələr aparıldı. İnanırıq ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olacağıq. Bura gəlib Azərbaycanın suverenliyi, ərazi bütövlüyündən danışırlar, İrəvanda, yaxud Avropada isə başqa bir söz deyirlər. Ona görə də biz həmişə deyirik ki, dünyada beynəlxalq hüququn yox, gücün hüququndan söhbət gedir, bunu nəzərdə tuturuq. Biz beynəlxalq hüququn işləməsini istəyirik. Beynəlxalq hüquq işləmədikcə, dünya ilə bağlı proqnoz vermək çox çətindir”.

Z. Əsgərov qeyd edib ki, bəzən Azərbaycanın hara inteqrasiya etdiyi, istiqamətinin hara olduğu barədə suallar verilir: “Biz heç bir yerə inteqrasiya olunmuruq, Azərbaycanın öz yolu var, öz yolu ilə də gedir. Bu yol demokratiya, insan haqları yoludur. Bu, öz yolumuzdur, öz yolumuzla gedəcəyik. Avropa Şurasına daxil olan dövlətlərlə ikitərəfli münasibətlərin inkişafına daha çox əhəmiyyət verəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR