Bakıda "Xocalı soyqırımı: ikili standartlar və yüz ilin erməni yalanları" mövzusunda konfrans keçirilib

Bakıda "Xocalı soyqırımı: ikili standartlar və yüz ilin erməni yalanları" mövzusunda konfrans keçirilib
# 18 aprel 2015 10:04 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bakıda Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının təşkilatçılığı ilə “Xocalı soyqırımı: ikili standartlar və yüz ilin erməni yalanları” mövzusunda konfrans keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən təşkilatın sədri Vüqar Qədirov bildirib ki, tarix boyu türkləri gözü gətirməyən, 100 ildən sonra özündə cəsarət tapıb türklərə qarşı hücuma keçən bəzi qüvvələr ermənilərdən istifadə edirlər. O vurğulayıb ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub: “Biz birlikdə dünyaya həqiqi soyqırımın məhz Xocalıda baş verdiyini çatdırmaq istəyirik. Tarix boyu ermənilər azərbaycanlılara, ümumiyyətlə, Türk dünyasına qarşı təcavüz siyasəti həyata keçiriblər. Azərbaycanı gözü götürməyən bəzi xarici qüvvələr ölkəmizi daxilindən zəiflətməyə çalışırlar. Ancaq ölkə başçısının apardığı uğurlu daxili və xarici siyasət həmin qüvvələrin çirkin niyyətinin qarşısını alır”.

Tədbirdə Türkiyədə çap olunan “Dünəndən bu günə erməni təcavüzü və Xocalı Soyqırımı” kitabının təqdimatı da keçirilib. V. Qədirov qeyd edib ki, kitabda ermənilərin çirkin xisləti konkret faktlarla göstərilib.

Kitabın müəllifi, Anadolu Aydınlar mərkəzinin direktoru, professor İbrahim Öztək çıxışında ermənilərə qarşı bütün türklərin birləşməli olduğunu vurğulayıb: “Biz bir millətik. Bu millətin tarixi, əməkdaşlığı, qardaşlıq bağı hər kəsə məlumdur. Bu gün biz hər zamankından daha da yaxın olmalıyıq. Ermənilərin apardığı soyqırım bütün türklərə aiddir. İndi onlar iddia edirlər ki, türklər onlara qarşı soyqırımı həyata keçirib. Halbuki, türklər XV əsrdə erməniləri Bizansın zülmündən azad ediblər. Biz ermənilərlə min il bir yerdə yaşamışıq. İndi birdən-birə dedik ki, erməniləri qırmalıyıq?! Bu, olan şey deyil. Türklərin qanında qətliam və soyqırımı yoxdur. Bu gün qərbin milli və dini birliyi var. Ancaq təəssüflər olsun ki, 300 milyon türkün milli birliyi yoxdur. Ona görə də biz birlikdə ermənilərin hər cür təbliğatının qarşısını almalıyıq. Sənəd adamları, idmançılar, siyasətçilər və digər sahənin insanları bu hədəf uğrunda birləşməlidir”.

O, çıxışında qondarma “erməni soyqırımı”nın 100-illiyi ilə bağlı keçirilən toplantıya qatılan dövlət başçılarını tənqid edib.

Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin əməkdaşı Rasim Mirzəyev isə qeyd edib ki, Çanaqqalada türk əsgərinin göstərdiyi mərdlik dünyanın heç bir əsgərində olmayıb: “Tarixi mənbələrdə göstərilir ki, Çanaqqala döyüşü zamanı türk əsgərlərinin ayağı yalın olduğunu bilən ingilis kəşfiyyatı döyüş bölgələrinə zəhərli dəmirlər atmışdı ki, türklərin döyüşünün qarşısını alsın. Ancaq o şəraitdə belə türklər mərdliklə vuruşdu. Yəni, müqayisə edəndə də, türk əsgərinin nə qədər mərd, vətənpərvər və döyüşkən olduğunu görürük. Azərbaycanda yalnız ümummilli lider hakimiyyətə gəldikdən sonra ermənilərin təcavüzünün qarşısı alındı, ordu quruculuğuna başlanıldı. Biz bir millət, iki dövlət olaraq bütün resurslarımızı düşmənə qarşı birləşdirməliyik. Hansı sahədə çalışmasından asılı olmayaraq insanlarımız dövlətimiz və millətimiz üçün aparılan işlərdə fəal olmalıdır”.

R. Mirzəyev onu da əlavə edib ki, mətbuat nümayəndələri də milli məsələlərdə çox diqqətli olmalıdırlar.

Tədbirin sonunda Azərbaycan və Türkiyə QHT təmsilçiləri qondarma erməni soyqırımını qəbul edən Roma Papasına və Avropa Parlamentinə etiraz edən bəyanat imzalayıblar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR