Azərbaycanın əsas ticarət tərəfdaşlarındakı iqtisadi vəziyyət ölkəyə xarici valyuta daxilolmalarına əhəmiyyətli təsir edib

Azərbaycanın əsas ticarət tərəfdaşlarındakı iqtisadi vəziyyət ölkəyə xarici valyuta daxilolmalarına əhəmiyyətli təsir edib
# 27 may 2015 09:54 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Beynəlxalq Valyuta Fondunun (BVF) ayrı-ayrı ölkələr üzrə verdiyi proqnozlar əsasında aparılmış hesablamalara görə, 2015-ci ildə Azərbaycanın 15 ticarət tərəfdaşı üzrə (qeyri-neft ixrac çəkili) 0,8% səviyyəsində resessiya gözlənilir.

APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yanvar-mart ayları üzrə pul siyasəti icmalında qeyd edilib.

İcmalda bildirilir ki, ölkəmizin əsas ticarət tərəfdaşı olan ölkələrdə iqtisadi artım tempi aşağı düşməkdədir. Xüsusilə, Rusiya və Ukrayna üzrə müşahidə olunan mənfi iqtisadi dinamika bütövlükdə ticarət tərəfdaşları üzrə orta çəkili artım tempini aşağı salır.

Bu şəraitdə tərəfdaş ölkələrin beynəlxalq reytinqlərinin də pisləşməsi müşahidə olunur. Dünya əmtəə bazarındakı konyunktur və əsas ticarət tərəfdaşlarındakı iqtisadi vəziyyət ölkəyə xarici valyuta daxilolmalarına əhəmiyyətli təsir edib.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatlarına əsasən, 2015-ci ilin I rübündə xarici ticarət dövriyyəsi 5,8 mlrd. dollar təşkil edib ki, bunun da 3,4 mlrd. dolları ixracın, 2,4 mlrd. dolları isə idxalın payına düşüb.

Dövr üzrə xarici ticarət balansının profisiti 1 mlrd. dollar olub. İxrac idxalı 39,3%

üstələyib. İxracın 61,5%-i Avropa İttifaqı (Aİ) ölkələri, 2,3%-i isə MDB ölkələrinə yönəlib. İdxalın isə 25,4%-i Aİ-nin, 19,4%-i MDB-nin payına düşüb.

I rübdə ixrac ötən ilin müvafiq dövrünə nəzərən 37,1% azalıb. Bu azalma əsasən ixracda payı yüksək olan neft-qaz sektoru üzrə baş verib. Belə ki, ixracın dəyəri xam neft üzrə 42,4%, neft məhsulları üzrə 28,6% və təbii qaz üzrə 48% azalıb. Meyvə-tərəvəz, kimya sənaye məhsulları, alüminium və ondan hazırlanan məmulatların ixracında isə yüksək artım tempi müşahidə olunub. Belə ki, meyvə-tərəvəz

ixracı 77%, kimya sənaye məhsulları ixracı 3 dəfə, alüminium ixracı 14,9% artıb.

İdxal isə ötən ilin müvafiq dövrünə nəzərən 37,7% artıb. O cümlədən, dövlət sektoru üzrə idxal 38% artıb. Bir sıra məhsullar üzrə idxal azalıb ki, bu da ölkədə yerli

istehsalın genişlənməsi ilə izah edilir.

İqtisadi tərəfdaş ölkələrində yaranmış vəziyyət pul baratlarının dinamikasına təsir edib. İlkin rəqəmlərə əsasən, I rübdə ölkəyə daxil olan pul baratları ötən ilin müvafiq dövrünə nəzərən 36% azalaraq 224,1 mln. dollar təşkil edib. Hesabat dövründə ölkə iqtisadiyyatına xarici investisiya daxilolmaları davam edib. DSK-nın məlumatına görə, ölkə iqtisadiyyatına qoyulmuş xarici investisiyaların həcmi 2015-ci ilin I rübündə 1,5 mlrd. bud a ekvivalentində olub ki, bu da ümumi investisiyaların 46,9%-ni təşkil edir. Xarici investisiyaların ötən ilin müvafiq dövrünə nəzərən artım tempi 67% təşkil edib.

Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitin çox hissəsi (84,5%-i) Böyük Britaniya, Norveç, Türkiyə, Rusiya, İran, ABŞ və Yaponiya ölkələrinin sərmayədarlarına məxsus olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR