Bayden: “Rusiya Minsk razılaşmalarını yerinə yetirənə və Krımı qaytarana qədər sanksiyalar qüvvədə qalmalıdır”

Bayden: “Rusiya Minsk razılaşmalarını yerinə yetirənə və Krımı qaytarana qədər sanksiyalar qüvvədə qalmalıdır”
# 16 yanvar 2017 10:31 (UTC +04:00)

“Ukrayna və ABŞ əmindir ki, Rusiyaya qarşı sanksiyalar onun Minsk razılaşmaları ilə bağlı öhdəliklərini yerinə yetirməsinə və Krımın işğalına son qoymasına qədər qüvvədə qalmalıdır”.

APA-nın “112.ua” saytına istinadən verdiyi xəbərə görə, bu sözləri ABŞ-ın vitse-prezidenti Co Bayden Kiyevdə Ukrayna prezidenti Pyotr Poroşenko ilə keçirdiyi birgə brifinqdə deyib. “Avropa İttifaqındakı və “böyük səkkizlik” üzrə tərəfdaşlarımızla birlikdə biz aydın bildirmişik ki, Rusiya tam şəkildə, təkrar edirəm, tam şəkildə Minsk razılaşmalarına dair öhdəliklərini yerinə yetirənə qədər sanksiyalar davam etməlidir. Krımla bağlı sanksiyalar isə Rusiya Krımı Ukraynaya qaytarana qədər qüvvədə qalmalıdır”.

P. Poroşenko bu cür mövqeyə görə ABŞ-a təşəkkür edib: “Dəqiq və ardıcıl mövqeyə, eləcə də bu yaxınlarda Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi qərarına görə təşəkkürümü ifadə etmək istərdim. Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində (Krım da daxil olmaqla) ərazi bütövlüyü bərpa olunana qədər sanksiyalar qüvvədə qalmalıdır”.

C. Bayden qeyd edib ki, Minsk razılaşmalarının siyasi hissəsi (Donbasa status verilməsi, yerli orqanlara seçki keçirilməsi, amnistiya və s.) yalnız Rusiyanın təhlükəsizliklə bağlı öhdəliklərini (Rusiyadan gəlmiş döyüşən qüvvələrin, hərbi texnikanın çıxarılması, Ukraynanın Rusiya ilə sərhədə nəzarətinin bərpa olunması) yerinə yetirməsindən sonra həyata keçirilməlidir: “Rusiya tərəfindən zorakılığa son qoyulmadan sazişin siyasi hissəsinin həyata keçirilməsi mümkün deyil”.

C. Bayden Ukraynanı islahatları və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığı davam etdirməyə də çağırıb.

Qeyd edək ki, Obama administrasiyasında Ukrayna ilə əlaqələrə məsul olan Co Bayden Ukraynaya vida səfəri edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR