Mədəniyyət və incəsənət nümayəndələri Qəmər Almaszadənin məzarını ziyarət ediblər

Mədəniyyət və incəsənət nümayəndələri Qəmər Almaszadənin məzarını ziyarət ediblər
# 11 mart 2015 13:29 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və incəsənət nümayəndələri Fəxri Xiyabanda SSRİ xalq artisti, Dövlət mükafatı laureatı Qəmər Almaszadənin məzarını ziyarət ediblər.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Opera və Balet Teatrının əməkdaşları, Bakı Xoreoqrafiya Akademiyasının kollektivi Q. Almaszadənin Azərbaycan mədəniyyətindəki xidmətlərindən, opera və balet sənətinə verdiyi töhfələrdən danışıblar.

Qeyd olunub ki, Q. Almaszadə klassik xoreoqrafik ənənələrlə xalq rəqslərinin vəhdətində Azərbaycan xoreoqrafiya sənətinin nailiyyətinə çevrilən obrazlar yaradıb. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində bir çox əsərlərə quruluş verib, milli kadrların hazırlanması sahəsində fəaliyyət göstərib.

Q. Almaszadənin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncama uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ifaçının yubileyi silsilə tədbirlərlə qeyd olunacaq. Martın 11-də Bakı Xoreoqrafiya Akademiyasında “Qəmər Almaszadə: “Qız qalası” və “Gülşən” baletləri mövzusunda açıq dərslər, 12 martda “Qəmər Almaszadə-100” elmi-praktik seminar və konsert keçiriləcək. Aprelin 12-də isə Dövlət Akademik Opera və Balet Teatrında sənətkarın 100 illiyinə həsr olunmuş qala balet axşamı təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR