Batumidə “Bakı-2015” I Avropa Oyunlarının açılışına həsr olunmuş tədbir keçirilib

Batumidə “Bakı-2015”  I Avropa Oyunlarının açılışına həsr olunmuş tədbir keçirilib
# 13 iyun 2015 00:18 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Azərbaycanın Batumidəki baş konsulluğundan bildirilib.

Tədbiri açan Baş Konsul Hüseyn Nəcəfov Avropa qitəsinin tarixində ilk dəfə Azərbaycanda keçirilən Avropa Oyunları barədə ətraflı məlumat verərək qeyd edib ki, idman yarışlarının keçiriləcəyi 17 gün ərzində Avropanın bütün guşələrindən öz ölkələrini 6 mindən çox idmançı təmsil edəcək. Baş Konsul sözügedən hadisənin tarixi əhəmiyyətini vurğulayıb və onun dünya idman tarixində yeni səhifə açacağını söyləyib.

Baş Konsul Avropa Oyunlarının proqramına 20 idman növünün daxil olduğunu, onlardan 16-sının olimpiya növləri olduğunu bildirib. Baş Konsul öz nitqində idmançılarımızın son Yay Olimpiya Oyunlarında uğurları barədə məlumat verərək qeyd edib ki, bu Olimpiya Oyunlarında Azərbaycan komandası 30-cu yerə layiq görülüb, Avropa ölkələri arasında isə 15-ci yerə yüksəlib. Eləcə də, yeniyetmələrin 2014-cü il Olimpiya Oyunlarında ölkəmizin təmsilçiləri 10-cu yeri tutublar, bu da tarixi nailiyyətdir. H. Nəcəfov Bakı-2015 I Avropa Oyunlarının rəsmi talismanları olan Ceyran və Nar barədə məlumat verərək onların Azərbaycanın əsrarəngiz təbiətinin və zəngin mədəni irsinin rəmzləri olduğunu, eyni zamanda ölkənin böyük keçmişini və parlaq gələcəyini əks etdirdiyini diqqətə çatdırıb.

Acarıstan Muxtar Respublikası Ali Sovetinin sədri Avtandil Beridze çıxış edərək Azərbaycan dövlətini və xalqını ilk Avropa Oyunlarının keçirilməsi münasibətilə təbrik edib, Azərbaycan və gürcü idmançılarına uğurlar arzulayıb. A.Beridze qeyd edib ki, bu tədbir əhəmiyyətli idman bayramıdır və bu hadisəni Azərbaycan dövləti ilə böyük sevinclə bölüşür.

Daha sonra tədbir iştirakçıları Bakıda ilk Avropa Oyunlarının açılış mərasiminə tamaşa ediblər. Batumidə keçirilmiş tədbir və Baş Konsulun müsahibəsi “Ajara TV” telekanalında nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR