Azərbaycan Serbiyada yol tikintisi üçün verdiyi kreditdən 200 mln. avro gəlir əldə edəcək

Azərbaycan Serbiyada yol tikintisi üçün verdiyi kreditdən 200 mln. avro gəlir əldə edəcək
# 17 noyabr 2016 12:08 (UTC +04:00)

Serbiyada E-763 avtomobil magistralının Lyiq-Bolykovtsi, Bolykovtsi-Takovo və Takovo-Prelyina hissələrinin tikintisinin maliyyələşdirilməsi üçün Azərbaycanın bu ölkəyə ayırdığı kredit vəsaitlərinin istifadə müddəti 2 il artırılır. "APA-Economics" xəbər verir ki, bu barədə bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Serbiya Respublikasında E-763 avtomobil magistralının Lyiq-Bolykovtsi, Bolykovtsi-Takovo və Takovo-Prelyina hissələrinin tikintisinin maliyyələşdirilməsi üçün Borc verən qismində çıxış edən Azərbaycan Respublikası Hökuməti və Borc alan qismində çıxış edən Serbiya Respublikası Hökuməti arasında 2012-ci il 2 fevral tarixində imzalanmış Kredit Sazişində dəyişiklik edilməsi haqqında" sazişin təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Sahil Babayev məlumat verib.

Onun sözlərinə görə, Serbiya tərəfindən iqlim şəraiti, lisenziyaların alınması və s. məsələlərə görə, yolun inşası müddəti uzanıb: "İndiyədək Azərbaycan tərəfi Serbiyaya 271 milyon avro kredit ayırıb. Kredit illik 4%-lə 15 il müddətinə verilib. İndiyədək Serbiya tərəfi kreditə görə Azərbaycan tərəfinə 40 milyon avro ödəniş edib. Noyabrın 23-dək isə növbəti 15 mln. avro ödəyəcək. Sazişə əsasən, yol istifadəyə veriləndən sonra 1 il sınaq müddəti olmalıdır. Bu sınaq müddəti başa çatanda sonuncu ödəniş edilir. Başqa sözlə, 2017-ci ilin sonunda Azərbaycan tərəfi Serbiyaya ayırdığı kreditin sonuncu tranşını köçürəcək".

Azərbaycanın özünün investisiyaya ehtiyacı olduğunu deyən millət vəkili Vahid Əhmədov dünyadakı iqtisadi böhranın Azərbaycana təsirsiz ötüşmədiyini qeyd edib. Bunu əsas gətirən deputat Serbiyaya ayrılacaq vəsaitdən Azərbaycan tərəfinin qazancı ilə maraqlanıb.

Millət vəkilinin sualına cavab olaraq S. Babayev qeyd edib ki, Serbiya tərəfinə kredit 2012-ci ildə ayrılıb: "Həmin dövrdə Azərbaycan 1,5%-lik borclanmaya gedibsə, Serbiyaya 4%-lik kredit ayırıb. Yəni, bu kreditdən Azərbaycan tərəfi qazanır. Çin hökuməti Serbiyada iri layihə həyata keçirir. Serbiya hökuməti Azərbaycan şirkətinin burda keyfiyyətli iş görməsini əsas gətirib, Azərbaycan şirkətinin də bu layihədə iştirak etməsində maraqlı olduğunu bəyan edib".

Onun sözlərinə görə, ümumilikdə Azərbaycan tərəfi Serbiyaya ayırdığı kreditə görə, 150-200 mln. avro gəlir əldə edəcək.

Müzakirələrdən sonra sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xatırladaq ki, Azərbaycan sözügedən yolun tikintisi üçün Serbiyaya 300 mln. avro kredit ayırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR