Azərbaycanın Xarkovdakı fəxri konsulu Sumı vilayətinin qubernatoru ilə görüşüb

Azərbaycanın Xarkovdakı fəxri konsulu Sumı vilayətinin qubernatoru ilə görüşüb
# 22 may 2015 09:10 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov Ukraynanın Sumı vilayətinin qubernatoru Nikolay Kloçko ilə görüşüb.

APA-nın məlumatına görə, görüş zamanı Azərbaycanla Sumı vilayəti arasında iqtisadi, mədəni, elmi-texniki, idman, turizm və kənd təsərrüfatı sahəsində əməkdaşlığın qurulması məsələləri müzakirə edilib.

Sumı vilayətinin iş adamlarının Azərbaycanla işbirliyinə xüsusi maraq göstərdiyini deyən N. Kloçko son illər dünyanın aparıcı dövlətlərinin Azərbaycana investisiya yatırmasını, Azərbaycanın isə bir sıra xarici ölkələrə sərmaye qoymasını gələcəyə hesablanmış uğurlu siyasətin məntiqi nəticəsi kimi qiymətləndirib və bu baxımdan Azərbaycanla Ukrayna arasında iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Bu günlərdə Azərbaycana işgüzar səfər edəcəyini bildirən qubernator Avropa Oyunlarının Bakıda keçirilməsini Azərbayсanın dünyada əldə etdiyi yüksək nüfuzunun əyani təzahürü kimi səciyyələndirib.

Ə. Salmanov isə iqtisadi inkişaf tempinə görə Cənubi Qafqazda lider dövlətə çevrilən Azərbaycanda yerli və xarici iş adamlarına yaradılan geniş imkanlardan və səmərəli investisiya mühitindən bəhs edib. Son illər Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya prosesinin intensiv xarakter aldığını bildirən fəxri konsul rəsmi Bakının bir sıra ölkələrlə yanaşı dost və qardaş Ukrayna ilə iqtisadi-ticarət əlaqələrinin inkişafina böyük maraq göstərdiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR