Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının işçi qruplarına QHT-lər cəlb olunacaq

Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının işçi qruplarına QHT-lər cəlb olunacaq
# 01 may 2017 10:11 (UTC +04:00)

BMT-nin Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusunda konfrans keçirilib.

APA-nın məlumatına görə, baş nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində görülən işlərdən danışıb. Ə. Əhmədov deyib ki, QHT-lər Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində əhalinin təmsilçiliyi funksiyasını reallaşdırmaq istiqamətində mühüm rol oynaya bilər: “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının işçi qruplarına QHT nümayəndələri daxil edilə bilər”.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, əgər hökumət BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı üzərinə öhdəliklər götürübsə, burada şəffaflığı, monitorinqi vətəndaş cəmiyyəti institutları həyata keçirməlidir.

Ombudsman Elmira Süleymanova qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədləri əhaliyə sadə dildə çatdırılmalıdır: “Bu sahədə görülən işlərlə bağlı vahid elektron bazanın yaradılması daha yaxşı olardı. QHT-lərin insan potensialını səfərbər etmək və bu potensialdan daha səmərəli istifadə edilməsi sahəsində mühüm rolu olmalıdır. Fəal lider qadınların, fəal gənclərin şəbəkələrinin yaradılması da zəruridir”.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev hesab edir ki, belə proqramların həyata keçirilməsi vətəndaş cəmiyyəti institutlarının iştirakını zəruri edir: “Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı Azərbaycan ciddi uğurlara nail olacaq. Əsas gözləntilərimiz odur ki, Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı proqramların hazırlanmasında, icrasında və monitorinqində QHT-lər iştirak etsinlər. İnanıram ki, Azərbaycanda QHT-lərə yaradılan şərait imkan verəcək ki, QHT-lər bu kimi məsələlərdə partnyor kimi iştirak edə bilsinlər. Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının işçi qruplarına QHT nümayəndələrinin cəlb olunması ilə bağlı baş nazirin müavininin təşəbbüsünü dəstəkləyirəm”.

Tədbir çıxışlarla davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR