"Şamaxinka"da təmir işləri yaxın vaxtda başa çatacaq

"Şamaxinka"da təmir işləri yaxın vaxtda başa çatacaq
# 25 yanvar 2017 09:32 (UTC +04:00)

Bakı şəhərində nəqliyyat vasitələrinin sıxlığını azaltmaq məqsədi ilə “Azəravtoyol” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Moskva prospektinin köməkçi yolunda, Bakı-Sumqayıt yolundan “Şamaxinka” deyilən əraziyə girişdə nəqliyyat vasitələrinin hərəkətində müəyyən dəyişikliklər edilir, yolun genişləndirilməsi işləri aparılır.

ASC-dən "APA-Economics"ə verilən məlumata görə, xüsusən günün pik saatlarında sözügedən əraziyə nəqliyyat vasitələrinin həm "Bakı Dairəvi-1" avtomobil yolundan, həm də Sumqayıt şəhəri istiqamətindən daxil olması və bir-çox hallarda sürücülərin avtomobili nizamsız şəkildə idarə etməsi tıxaca, hərəkətin iflic olmasına səbəb olur. Sıxlığın, o cümlədən hər iki istiqamətdən daxil olan nəqliyyat vasitələrinin bir-birinin hərəkətinə mane olmasının qarşısını almaq məqsədi ilə prospektin köməkçi yolundakı sağ kənar zolaq sırf "Bakı Dairəvi-1" avtomobil yolundan gələn avtomobillər üçün ayrılıb. Sağ kənar zolağı digər iki zolaqdan ayırmaq üçün yola dəmir-beton maneələr düzülüb.

Maneələr tunelin üzərində yerləşən birinci geri dönməyə qədər düzülüb. Bununla da dairəvi yoldan gələn nəqliyyat vasitələri məcburi şəkildə ancaq tunelin üzərindəki ikinci geri dönmə hissədən istifadə edərək geriyə hərəkət edə biləcəklər. Təbii ki, düzünə, “20 Yanvar” dairəsinə doğru da maneəsiz şəkildə hərəkət təmin olunacaq. Nəticədə Sumqayıt şəhəri istiqamətindən gələn nəqliyyat vasitələri ilə dairəvi yoldan çıxan avtomobillərin həmin ərazidə kəsişməsi aradan qaldırılaraq tıxac müəyyən qədər azaldılmış olacaq.

"Şamaxinka"da edilən daha bir dəyişiklik yolun genişləndirilməsi ilə bağlıdır. Belə ki, yol sağa doğru 3-4 metr enində genişləndirilib. Genişləndirilmə 550 metrlik ərazini əhatə edir. Genişləndirmə işləri nəticəsində yolda əlavə daha 1 hərəkət zolağı yaranıb. Bu da öz növbəsində sözügedən ərazidə sıxlığın qarşısını almaq üçün müsbət addım hesab olunur. Genişləndirmə işlər çərçivəsində yol kənarında olan yüksək gərginlikli elektrik xətti və dirəyi demontaj olunaraq yeri dəyişdirilib.

Genişləndirmə işləri ilkin etapda Moskva prospektinin "Bakı Dairəvi-1" avtomobil yolu ilə kəsişməsindən ikinci geri dönmə hissəsinədək (tunelin sonunadək) aparılır. Sözügedən işlər çərçivəsində 2-ci Alatava küçəsi ilə kəsişmədə yerləşən avtobus dayanacağının da yeri 4-5 metr genişləndirilərək xüsusi cibli hissə yaradılır. Bununla da avtobuslar ümumi hərəkətə maneə yaratmadan dayanacağa girib-çıxa biləcəklər. Bu da öz növbəsində həmin ərazidə sıxlığın azalmasına gətirib çıxaracaq.

Ərazidə tıxacların aradan qaldırılması üçün ediləcək daha bir yenilik yaxın zamanlarda yerüstü piyada keçidinin tikintisidir. Piyada keçidinin tikintisi ilə həm nəqliyyat vasitələrinin normal və maneəsiz hərəkəti təmin olunmuş olacaq, həm də vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsi mümkün olacaq.

Qeyd edək ki, işlərinin yaxın günlərdə və hərəkətə maksimum dərəcədə maneə yaratmadan aparılaraq yekunlaşdırılması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR