Fərman Kərimzadənin oğlunun məhkəməsində zərərçəkmiş şəxs ifadə verib

Fərman Kərimzadənin oğlunun məhkəməsində zərərçəkmiş şəxs ifadə verib
# 10 oktyabr 2016 14:06 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Kərimzadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Firuzə Qasımova ifadə verib.

F. Qasımova bildirib ki, Ə. Kərimzadə ona məxsus obyekti icarəyə götürüb və sonra etibarından sui-istifadə edərək 10 min manat pulunu alıb: "3 mindən artıq da icarə haqqını ödəmədiyindən borc qalmışdı. Həmin pulun hissə-hissə 6500 manatını qaytardı. Mən ona inanmışdım. Deyirdi ki, mənə hörmət edəcək. Gürcüstanda 1 milyon yarımlıq evinin olduğunu, satıb iş quracağını deyirdi.

Təqsirləndirilən Ə. Kərimzadə isə ona qarşı irəli sürülən ittihamlarla razılaşmayıb və zərərçəkmişin fikrinə etiraz edib: "İttihamda yazılıb ki, guya mən Firuzə Qasımovadan işə düzəltmək adı ilə pul almışam. Mən nəqliyyat sahəsində idim. Vakant yer də ancaq sürücülük sahəsindəydi. 70 yaşlı qadını sürücü kimi işə götürəcəkdim? Firuzə xanım, düzünü danışın. Mən pulu borc almışam. Firuzə Qasımova özü faizə pul verirdi. Mənə hörmət edib, borc verdi".

Ə. Kərimzadə zərərçəkmişə dəymiş ziyanın ödəniləcəyini deyib.

Məhkəmə prosesi oktyabrın 17-də davam edəcək.

İttihama əsasən, Əziz Kərimzadə 4 vətəndaşdan 60 min manatdan çox pulu dələduzluq yolu ilə alıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilir.

Qeyd edək ki, Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olmuş Əziz Kərimzadə ilk dəfə 2012-ci ilin avqust ayında həbs edilib. Bakı sakini Muradov Elçin Dadaş oğlu Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Kərimzadə Əziz Fərman oğlu onun 12 min manat pulunu mənimsəyib.

2012-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əziz Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıblar.

Əziz Kərimzadə Azərbaycanın tanınmış yazıçısı Fərman Kərimzadənin oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR