Rövnəq Abdullayev "Neftçi İdman Klubu"nun idmançıları və məşqçilərini mükafatlandırıb

Rövnəq Abdullayev "Neftçi İdman Klubu"nun idmançıları və məşqçilərini mükafatlandırıb
# 14 iyul 2015 15:05 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) “Bakı 2015” I Avropa Oyunlarında yüksək nailiyyətlər qazanmış “Neftçi İdman Klubu” idmançıları və onların məşqçilərinin mükafatlandırılması mərasimi keçirilib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, SOCAR prezidenti Rövnəq Abdullayev Azərbaycan və Avropa idmanı üçün tarixi əhəmiyyət kəsb edən I Avropa Oyunlarının Azərbaycan dövlətinin, onun müdrik rəhbəri prezident İlham Əliyevin qalibiyyətli siyasi iradəsinin parlaq təntənəsi olduğunu qeyd edib.

“Biz yaxşı bilirik ki, müstəqil Azərbaycanın bütün qələbələri kimi, bu tarixi nailiyyətin də arxasında dövlət rəhbəri İlham Əliyevin gərgin əməyi, qətiyyətli siyasi iradəsi durur”, deyə o bildirib.

SOCAR prezidenti I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti, respublikamızın birinci xanımı Mehriban Əliyevanın xidmətlərini də xüsusi qeyd edib və vurğulayıb ki, Təşkilat Komitəsinin fəaliyyəti dünya idman ictimaiyyətinin liderləri tərəfindən çox yüksək qiymətləndirilib. I Avropa Oyunlarında Azərbaycanın dünyanı təkcə bir ev sahibi kimi, yüksək səviyyəli təşkilatçılıq işi ilə deyil, həm də bir idman ölkəsi olaraq öz göstəriciləri ilə heyran qoyduğunu deyən R.Abdullayev idmançılarımızın komanda hesabında Avropa ikincisi olmalarını idman tariximiz üçün böyük nailiyyət kimi dəyərləndirib. Bu uğurun qazanılmasına “Neftçi İdman Klubu” atletlərinin də mühüm töhfələr verdiyini nəzərə çatdıran SOCAR prezidenti bildirib ki, “Neftçi İdman Klubu” “Bakı 2015” I Avropa Oyunlarında 79 idmançı ilə təmsil olunub, 6 qızıl, 5 gümüş və 5 bürünc medal qazanıblar.

R.Abdullayev bu münasibətlə “Neftçi İdman Klubu”nun rəhbərliyini, məşqçiləri və atletləri ürəkdən təbrik edib, onlara daha böyük uğurlar arzulayıb.

Paralimpiya cüdosu üzrə Avropa Oyunlarının çempionu İlham Zəkiyev, onun məşqçisi İbrahim İbrahimov, yunan-roma güləşi üzrə Avropa Oyunlarının çempionu Rəsul Cunayevin məşqçisi İsmayıl Çöpsiyev, qılıncoynatma üzrə Avropa Oyunlarının II və III yeri tutmuş Sevil və Sevinc Bünyatova bacılarının anası Həzrə Bünyatova idmanın inkişafına, yaradılmış şəraitə görə Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda “Bakı 2015” I Avropa Oyunlarında yüksək nailiyyətlər qazanmış “Neftçi İdman Klubu” idmançıları və onların məşqçilərinə SOCAR-ın qiymətli hədiyyələri və pul mükafatları verilib. Sadıq Sadıqov “Neftçi İdman Klubu”nun kollektivi adından SOCAR prezidentinə Avropa Oyunlarının xatirə hədiyyəsini təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR