Bu ilin I yarısında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 200 milyon dolları keçib

Bu ilin I yarısında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 200 milyon dolları keçib
# 31 iyul 2015 10:46 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində kollegiya iclası keçirilib.

Komitənin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, iclasda komitə sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov çıxış edərək cari ilin ilk 6 ayının yekunlarından və IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin XI sessiyasında qarşıya qoyulan vəzifələrdən danışıb.

Bildirilib ki, bu ilin I yarımilində muxtar respublikanın sosial-iqtisadi inkişafına müvafiq olaraq gömrük işinin keyfiyyəti daha da artırılıb, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində müvafiq işlər görülüb.

Belə ki, ötən dövr ərzində “Naxçıvanterminalkompleks” Birliyi üçün inşa olunan yeni kompleksin tikintisi davam etdirilib, inzibati bina ilə yanaşı, beynəlxalq standartlara cavab verən anbarların yenidən qurulması işi yekunlaşdırılıb. Sədərək sərhəd gömrük-buraxılış məntəqəsinin baş planına uyğun olaraq, ərazidə lazımi torpaqlama işləri görülmüş və yeni gömrük kompleksinin tikintisinə başlanılıb. Culfa sərhəd-keçid məntəqəsində minik avtomaşınları və sərnişinlərin daha rahat keçidinin təmin olunması üçün bina inşa olunub, binada rentgen nəzarəti qurğusu quraşdırılıb.

Cari ilin 6 ayı ərzində muxtar respublikanın gömrük orqanları tərəfindən dövlət büdcəsinin formalaşdırılması məqsədilə müəyyən olunan illik proqnoz tapşırıq 82% yerinə yetirilib. Toplanan vəsait Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərinin 14,6%-ni təşkil edib. Keçən ilin eyni dövrü ilə müqayisədə büdcəyə köçürülən ödənişlər 665 min manat çox olub. Qanunvericiliyə əsasən, gömrük rüsumu və vergilərin bank, POS-terminal və ya internet üzərindən elektron qaydada ödənilməsi təmin edilib.

Qeyd olunub ki, cari ilin I yarısında 33 xarici dövlətlə ticarət əməliyyatları aparılıb, muxtar respublikanın xarici ticarət dövriyyəsi 208 mln. 291 min dolları olub. Muxtar respublikanın sosial-iqtisadi inkişafının məntiqi nəticəsi olaraq bu il də ixracın həcmi idxalı üstələyib, xarici ticarət dövriyyəsinin 88%-i ixrac, 12%-i isə idxal əməliyyatlarının payına düşüb. İdxal-ixrac əməliyyatları üzrə yaranan müsbət saldo 160 mln. 550 min dolları olub. 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi 5% artıb, idxalın həcmi isə 140% azalıb.

İxracın 79%-ni sənaye, 21%-ni kənd təsərrüfatı məhsulları, idxalın 31,8%-ni sənaye məhsulları, 31,6%-ni nəqliyyat vasitələri və onların hissələri, 0,8%-ni ərzaq məhsulları, 8,1%-ni tikinti materialları, 27,7%-ni isə digər mallar təşkil edib.

Komitə sədri bildirib ki, hesabat dövründə narkotik vasitələrin, psixotrop tərkibli dərmanların, pirotexniki vasitələrin, habelə milli-əxlaqi keyfiyyətlərimizə mənfi təsir göstərən elektron məlumat daşıyıcılarının, dini dəyərlərimizlə uzlaşmayan dini kitab və broşürlərin, odlu və soyuq silahların xaricdən qanunsuz yollarla muxtar respublikaya gətirilməsinin qarşısı alınıb.

Bəhs olunan dövrdə daxili bazarın qorunması istiqamətində də tədbirlər davam etdirilib. Belə ki, idxal mallarının keyfiyyətinə ciddi nəzarət olunan, cari ilin ilk 6 ayı ərzində keyfiyyət göstəriciləri müvafiq tələblərə cavab vermədiyindən 72 min 766 kiloqram əmtəə geri qaytarılıb, 1 832 kiloqram əmtəə isə müvafiq qaydada məhv edilib.

Daxili bazarın qorunması istiqamətində tədbirlərin muxtar respublika iqtisadiyyatının inkişafındakı rolunu xüsusi vurğulayan komitə sədri qeyd edib ki, IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin XI sessiyasında Dövlət Gömrük Komitəsinə daxili bazarın qorunması məqsədilə kənd təsərrüfatı məhsullarının idxalının mövsümə uyğun tənzimlənməsinin davam etdirilməsi tapşırılıb. Asəf Məmmədov vurğulayıb ki, “Kənd təsərrüfatı ili”ndə gömrük orqanları tərəfindən kənd təsərrüfatı məhsullarının xaricdən gətirilən eyniadlı malların təsirindən qorunması işi daim diqqətdə saxlanılmalı, yerli məhsulların daxili bazardakı payı nəzərə alınmaqla sonrakı dövrlərdə də bu iş davam etdirilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR