«Azərsu» ABŞ təhsilli 45 nəfəri işə götürəcək - FOTO

«Azərsu» ABŞ təhsilli 45 nəfəri işə götürəcək - <span style="color: red;">FOTO
# 25 noyabr 2013 14:51 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dillər Universitetində (ADU) ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi və ADU-nun İnformasiya Resurs Kompleksinin Amerika Mərkəzinin təşkilatçılığı ilə karyera günü və iş yarmarkası keçirilib.

«Azərsu» ASC-nin mətbuat xidməti şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, gənc və ali təhsilli peşəkarları tanımaq və potensial işçilər tapmaq, həmçinin gəncləri işlə təmin etmək məqsədi ilə təşkil olunmuş əmək yarmarkasında iştirak edən «Azərsu» ASC tərəfindən vakant iş yerləri təqdim edilib. Bir çox dövlət təşkilatı və özəl sektordan dəvət olunmuş şirkətlərin təmsil olunduğu əmək yarmarkasında «Azərsu»nun təklif etdiyi iş yerləri təşkilatçılar və iş axtaran gənclər tərəfindən maraqla qarşılanıb.

Vakant iş yerləri əsasən su təchizatı və kanalizasiya mühəndisliyi, energetik, mexanik, kimya mühəndisliyi və digər ixtisaslar üzrə olub. Müraciət edən 100-ə yaxın iştirakçıya «Azərsu»nun fəaliyyəti və vakansiyalar barədə məlumatlar verilib. Onlardan 45 nəfəri Səhmdar Cəmiyyətdə işləmək arzusunu bildirib və CV blankını dolduraraq təqdim ediblər.

«Azərsu»nun insan resurslarının idarə olunması şöbəsinin əməkdaşları tərəfindən müraciət edənlərin tələb olunan ixtisaslara uyğunluğu yoxlanılıb və müsabiqədə iştirak üçün məqbul hesab olunub. Növbəti mərhələdə həmin namizədlər «Azərsu»da təşkil olunacaq test imtahanlarında iştirak edəcəklər.

Qeyd edək ki, «Azərsu»da yeni işçilərin işə qəbulu müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin birinci mərhələsi test imtahanı, ikinci mərhələsi isə «Azərsu» ASC-nin mütəxəssislərindən ibarət qrup tərəfindən keçirilən fərdi müsahibədən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR