Bank Of Baku

Azərbaycan Maliyyə Nazirliyi «Azər-Asiya» sığorta şirkətinin lisenziyasını bərpa etməyəcək

Azərbaycan Maliyyə Nazirliyi «Azər-Asiya» sığorta şirkətinin lisenziyasını bərpa etməyəcək
# 04 sentyabr 2008 13:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən «Azər-Asiya» Azərbaycan-İran sığorta şirkətinə yeni lisenziyanın verilməsində imtina olunduğuna görə, bu şirkət milli qanunvericiliklə ləğv olunmalıdır. «APA-Economics»in məlumatına görə, bunu Maliyyə Nazirliyi dövlət sığorta nəzarəti şöbəsinin rəisi Namiq Xəlilov bildirib.
N.Xəlilovun sözlərinə görə, şirkətin iranlı səhmdarlarının iddiasına baxmayaraq, «Sığorta fəaliyyəti haqqında» qanun bütün mövcud nöqsanları lazımi səviyyədə tənzimləyir: «Bu məsələdə kiminsə istəyi mühüm əhəmiyyət daşımır. «Azər-Asiya» şirkəti öz fəaliyyətini qeyri-sığorta sahələrində davam etdirə bilər. Çünki əgər şirkət qanunvericiliyə uyğun fəaliyyət göstərmirsə, sonradan onu bərpa etmək mümkün deyil və artıq bu məsələ bağlanıb», - deyə N.Xəlilov bildirib.
Qeyd edək ki, «Azər-Asiya» Azərbaycan-İran sığorta şirkətinin Azərbaycan Maliyyə Nazirliyi tərəfindən lisenziyasının dayandırılmasını iranlı səhmdarlar qeyri-qanuni hesab edir. Şirkətdən həmçinin bildirilib ki, iranlı səhmdarlar yol verilmiş nöqsanların aradan qaldırmağa, həmçinin nizamnamə fondunu 10 mln. manata çatdırmağa razıdır.
Xatırladaq ki, 2008-ci ilin fevral ayının 11-də Maliyyə Nazirliyi «Azər-Asiya» sığorta şirkətinin lisenziyasının müddətinin uzadılmasından imtina edib. Şirkətin lisenziyasının dayandırılmasına əsas səbəb nazirlik tərəfindən aparılan yoxlamalar zamanı şirkətin sığorta qanunvericiliyinə əməl etməməsi və lisenziyanın tələblərinə və şərtlərinə uyğunsuzluğu olub.
Təsisçisi İranın «Asiya Sığorta» (49%) və «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti (51%) olan «Azər-Asiya» sığorta şirkəti 1997-ci ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitalı 800 min manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR