Bank Of Baku

«Fitch Ratings» agentliyi: «UniBank»ın likvidlik mövqeyi bu il daha da zəif olacaq

«Fitch Ratings» agentliyi: «UniBank»ın likvidlik mövqeyi bu il daha da zəif olacaq
# 22 aprel 2009 10:31 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. «Fitch Ratings» beynəlxalq agentliyi Azərbaycanın «UniBank» Səhmdar Kommersiya Bankının (SKB) emitentin müflisləşmə uzunmüddətli reytinqini «sabit» proqnozla «B-» səviyyəsində təsdiqləyib. Bu barədə «APA-Economics»ə «Fitch Ratings»in Rusiya və MDB ölkələri üzrə nümayəndəliyindən məlumat verilib.

Reytinq agentliyinin hesabatına əsasən, «UniBank»ın individual reytinqləri «D/E» səviyyəsindən «E» pilləsinə qədər azaldılıb. Bu zaman bankın qısamüddətli reytinqi «B» səviyyəsində saxlanılıb, onun dəstəklənməsi reytinqi «5» kimi qiymətləndirilib. «UniBank»a qarşı son reytinq qiymətləndirməsinə əsas kimi bu kredit təşkilatına Azərbaycan Milli Bankı (AMB) və beynəlxalq maliyyə təsisatları tərəfindən göstərilən maddi dəstək gətirilir. «Fitch»in ehtimallarına görə, bankın likvidliyi və kapitalına cari ilin II rübü ərzində lazımi yardım göstəriləcək. Lakin agentlik xüsusi ilə qeyd edir ki, yardım göstərilmədiyi halda, «UniBank»a qarşı neqativ reytinq addımları atılacaq.

«Fitch»in analitikləri hesab edirlər ki, aktivlərin pisləşməsi ilə bərabər «UniBank»ın likvidlik mövqeyi bu il daha da zəif olacaq. Buna səbəb kimi 2009-cu ilin yanvar-mart aylarında depozitlərin əhəmiyyətli dərəcədə geri çağırılması və bu kommersiya bankının xarici maliyyə institutları qarşısında iri həcmdə öhdəliklərin olması amilləri göstərilir. Reytinq agentliyinin hesabatında xüsusi ilə vurğulanır ki, bu cür öhdəliklər üzrə ödənişlərin əsas hissəsi məhz bu ilin II rübünə təsadüf edir.

Təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «UniBank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin əvvəlinə bankın aktivlərinin həcmi 417,563 mln. manat, kredit portfeli 319,247 mln. manat, depozit portfeli 123,671 mln. manat, məcmu kapitalı 64,064 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat olub. Bankın ölkə üzrə 23 filialı mövcuddur. Onu da xatırladaq ki, «UniBank»ın səhmdarları bankın nizamnamə kapitalının 2 dəfə – 30 mln. manatadək artırılması haqqında qərar qəbul ediblər və artıq aprelin 17-də hər birinin nominal dəyəri 2 manat olan 7,5 mln. ədəd adi adlı sənədsiz səhmlərin yerləşdirilməsinə başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR