Bank Of Baku

«Fitch Ratings» agentliyi: Bu il Azərbaycan iqtisadiyyatının inkişaf tempi 2%-ə düşəcək

«Fitch Ratings» agentliyi: Bu il Azərbaycan iqtisadiyyatının inkişaf tempi 2%-ə düşəcək
# 23 aprel 2009 09:06 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. «Fitch Ratings» beynəlxalq reytinq agentliyi 2009-cu ildə Azərbaycanda Ümumi Daxili Məhsul (ÜDM) həcminin artım tempinin 2008-ci ilə nisbətən 2%-dək azalacağını proqnozlaşdırır. Bu barədə «APA-Economics»ə reytinq agentliyinin Rusiya və MDB ölkələri üzrə nümayəndəliyindən məlumat verilib.

«Fİtch»in proqnozları neft qiymətlərinin son bir ildə 3-4 dəfə düşməsi və milli iqtisadiyyatın qeyri-neft sektorunun zəif inkişaf etməsi ilə əlaqələndirilir. Agentliyin mütəxəssisləri hesab edirlər ki, Azərbaycanda iqtisadi fəallığın azalması müşahidə olunur, korporativ sektorda, xüsusən də kiçik və orta sahibkarlar sırasında likvidlik məhdudlaşır. Bu səbəbdən, reytinq agentliyinin analitikləri ölkənin bank sistemində kredit portfelinin daha aşağı templərlə artacağını və ümumiyyətlə, borcalma dəyərinin düşəcəyini gözləyirlər. «Fitch»in hesablamaları göstərir ki, milli iqtisadiyyatda ən riskli kreditləşmə sahələri sırasına daşınmaz əmlak, tikinti və tikinti materiallarının istehsalı sektorları daxildir. Azərbaycan manatının məzənnəsi sabit qalsa da, xarici analitiklərin fikrincə, əvvəllər xarici valyutada bəzi banklar tərəfindən iri həcmdə verilən kreditlər orta müddətdə bank sistemində potensial kredit risklərinin inkişafı üçün səbəb ola bilər.

Bununla belə, «Fitch» etiraf edir ki, 6 mlrd. ABŞ dolları həcmində toplanan rəsmi valyuta ehtiyatları Azərbaycan üçün kifayyət edən səviyyədədir, xarici bazarlarda təkrar maliyyələşdirmə ehtiyacları isə ölkə üzrə çox da yüksək deyil. Milli iqtisadiyyatda resessiya daha dərin şəkildə və uzun müddət davam edəcəyi təqdirdə isə reytinq agentliyi qeyd edir ki, bank aktivləri və kreditləşmə imkanlarının dəstəklənməsində əlavə tədbirlərə ehtiyac yaranacaq.

Maraqlıdır ki, «Fitch»in hesabatlarında Azərbaycan banklarında depozitlərin kəskin və kütləvi azalmadığı qeyd olunub, həmçinin bir neçə kredit təsisatında müştərilər hesabına fondlaşdırma sahəsində problemlərin mövcudluğu vurğulanır. Məhz buna görə, Azərbaycan bankları kredit portfelinin azalması və beləliklə, likvidliyin toplanması rejimində fəaliyyət göstərir. Depozitlərin kütləvi şəkildə geri çağırılacağı təqdirdə isə «Fitch» ölkədə bank likvidliyinə daha çox təzyiq göstəriləcəyini istisna etmir. Bu neqativ ssenari üçün göstərilən səbəblər sırasında beynəlxalq reytinq xidməti milli valyutanın dəyərdən düşməsi və bankların təkrar maliyyələşdirmə sahəsində problemlərinin artması amillərini gətirir. Qeyd edək ki, bu kimi halları «Fitch» hələ ki az ehtimal olunan hesab edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR