Bank Of Baku

Azərbaycanda banklar əsas fondların formalaşmasına kreditlər ayırmır

Azərbaycanda banklar əsas fondların formalaşmasına kreditlər ayırmır
# 27 aprel 2009 06:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən müəssisələrin əsas kapitala (əsas fondların formalaşmasına) yönəltdiyi investisiyaların mənbələr üzrə təsnifatına əsasən, ən az xüsusi çəkiyə bank kreditləri malikdir. «APA-Economics»in Dövlət Statistika Komitəsinə əsasən verdiyi məlumata görə, 2009-cu ilin I rübündə bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilən 1 638,9 mln. manat həcmində investisiyaların yalnız 47 mln. manatı və ya 2,9%-i bank kreditlərinin payına düşüb.
Öz növbəsində, Azərbaycan Mərkəzi Bankı tərəfindən bank sistemi üzrə aprelin 1-nə olan statistik göstəricilər hələ açıqlanmadığına görə, bu məbləğin məcmu bank kredit portfelində xüsusi çəkisini hesablamaq mümkün deyil. Lakin yanvar-fevral ayları üzrə analoji göstəriciyə əsaslansaq, görərik ki, əsas kapitala yönəldilən investisiyaların 37,1 mln. manatı və ya 3,4%-i bank kreditlərinin payına düşüb ki, bu da eyni zamanda həmin göstəricinin ümumi bank kreditlərinin cəmi 0,6%-i deməkdir. Yəni, bank kreditlərinin yalnız 1/167 hissəsi müəssisələrin əsas fondlarının formalaşmasına yönəldilir. Bu nisbət yanvar-fevral ayları üçündür, lakin müəyyən amilləri nəzərə alaraq mart ayında, həmçinin ümumilikdə I rübdə vəziyyətin dəyişməyəcəyini gözləmək olar.
Qeyd edək ki, bank kreditləşməsinin əsas hissəsi (təxminən 60-65%-i) istehlak kreditləri və ticarət və xidmət sahələrinə verilən kreditlərdir, qalan hissə müxtəlif sahələr arasında bölünür. Lakin əsas amil odur ki, banklar hətta istehsalata və ya ümumilikdə real sektora kreditlər verdikdə, həmin ssudalar yalnız dövriyyə vəsaitlərinin artırılmasına yönəldilir. Yəni, əsas vəsaitlərin artırılmasında bank vəsaitləri demək olar ki, iştirak etmir. Bu da öz növbəsində bankların əsas fondların formalaşmasına kredit verməsini yüksək riskli aktiv kimi qiymətləndirməsindən irəli gəlir. Məlum olduğu kimi, Azərbaycan bankları «start-up» kreditləri, yəni sahibkarlıq fəaliyyətinin başlanması üçün ssudalar vermir və yalnız artıq fəaliyyətdə olan və mənfəətlə işləyən sahibkarlar bank kreditinin alınmasına ümid edə bilər. Bu amil də real sektorda fəaliyyət göstərən və ümumilikdə hüquqi şəxs olan sahibkarların kredit almaq imkanlarını məhdudlaşdırır.
Arayış üçün xatırladaq ki, əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 607,1 mln. manat (ümumi investisiyanın 37%-i), bank kreditləri 47 mln. manat (2,9%), büdcə vəsaitləri 825,1 mln. manat (50,3%), büdcədənkənar fondların vəsaitləri 106 mln. manat (6,5%), əhalinin şəxsi vəsaitləri 53,6 mln. manat (3,3%), digər vəsaitlər isə 0,1 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR