Bank Of Baku

Azərbaycanda bank depozitləri ilin əvvəlindən 24% azalıb

Azərbaycanda bank depozitləri ilin əvvəlindən 24% azalıb
# 28 aprel 2009 08:13 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında hüquqi və fiziki şəxslər tərəfindən yerləşdirilən əmanət və depozitlərin həcmi 2009-cu ilin aprel ayının 1-nə 3 285,9 mln. manat təşkil edib. Bu barədə «APA-Economics»ə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

AMB-nin hesablamalarına görə, bu ilin mart ayında bankların depozit portfeli 371,9 mln. manat və ya 10,2% azalıb. Əvvəlki ayda isə qeydə alınan azalma 455,4 mln. manat və ya 11,1% təşkil edib. Nəticədə, ilin əvvəlindən depozit və əmanətlərin həcmi 1 062,6 mln. manat və ya 24,4% azalıb. Azərbaycan banklarının depozit bazasında bu miqyasda mənfi dinamika ilk dəfə müşahidə olunur. Son bir ildə isə depozit və əmanətlərin məcmu həcmində 51,1 mln. manat və ya 1,4% artım qeydə alınıb.

Maraqlıdır ki, mart ayının yekunu üzrə tələb olunanadək əmanət və depozitlər 2008-ci ilin müvafiq dövrünə nisbətən 21,4% artıb, müddətli əmanət və depozitlər isə 29,9% azalıb. Dövrün sonuna manatla cəmi əmanət və depozitlərin strukturunda manatla müddətli əmanət və depozitlərin xüsusi çəkisi 43,5% təşkil edib. AMB-nin müşahidələrinə görə, müddətli əmanətlərin strukturunda qısamüddətli əmanətlərin xüsusi çəkisində azalma, uzunmüddətli əmanətlərin xüsusi çəkisində isə artım müşahidə olunur. Belə ki, ötən aya nisbətən müddətli əmanətlərin strukturunda 1 ildən 5 ilədək olan əmanətlərin xüsusi çəkisi 8,9 faiz bəndi artaraq 41,2%-ə çatıb.

Həmçinin qeyd olunmalıdır ki, hüquqi şəxslərin manatla depozitlərinin manatla cəmi əmanət və depozitlərdə xüsusi çəkisi 50,4% olub. Rezident fiziki şəxslərin əmanətlərinin həcmi 1 588,9 mln. manat, qeyri-rezident fiziki şəxslərin əmanətləri isə 183,7 mln. manat təşkil edib. Bu ilin mart ayının sonuna ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-rezident fiziki şəxslərin manatla qısamüddətli əmanətləri 68,6% azalıb, uzunmüddətli əmanətləri isə 98,9% artıb. Bununla belə, cari ayın əvvəlinə ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici valyuta ilə əmanət və depozitlər 8,9% azalıb. Dövrün sonuna cəlb olunan əmanət və depozitlərin 40,6%-i milli valyuta, 59,4%-i isə xarici valyutada olub.

AMB-nin məlumatına görə, mart ayı ərzində fiziki şəxslərin xarici valyuta ilə əmanətlərinin həcmi artıb. Belə ki, fiziki şəxslərin xarici valyutada əmanətləri ötən ilin müvafiq dövrünə nisbətən 29,5%, ilin əvvəlinə nisbətən 28,0% çoxalıb. Bu zaman fiziki şəxslərin əmanətlərinin strukturunda xarici valyutada olan əmanətlərin xüsusi çəkisi ötən ilin müvafiq dövründəki 54%-ə qarşı cari ilin aprelin 1-nə 62,7% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR