Bank Of Baku

Azərbaycanda milli valyutada yerləşdirilən bank əmanətlərinin xüsusi çəkisi azalır

Azərbaycanda milli valyutada yerləşdirilən bank əmanətlərinin xüsusi çəkisi azalır
# 29 aprel 2009 09:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən banklarda 2009-cu ilin aprelin 1-nə yerləşdirilən fiziki şəxslərin əmanətlərinin 62,7%-i xarici valyutada olan depozitlərin payına düşür. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən hazırlanmış pul icmalında göstərilir. İcmala əsasən, ötən ilin aprelin 1-nə həmin göstərici 54%-ə bərabər olub.
Xatırladaq ki, cari ilin aprelin 1-nə fiziki şəxslərin əmanətlərinin ümumi həcmi 1 772,7 mln. manat təşkil edib ki, bu ilin əvvəli ilə müqayisədə 131 mln. manat və ya 6,9% azdır.
Əmanətlərin valyutalar üzrə təhlili onu göstərir ki, ötən ilin iyulun 1-dək xarici valyutada olan əmanətlərin həcmi manat əmanətlərini üstələyib, lakin iyulun 1-dən bu nisbət əks istiqamətdə dəyişib və hətta cari ilin əvvəlinə manat əmanətlərinin payına ümumi əmanətlərin 54,4%-i düşüb. Manat əmanətlərinin xüsusi çəkisinin bu artımı Azərbaycan əhalisinin manata olan etibarlığının yüksəlməsi ilə əlaqələndirilib. Manat əmanətlərinin valyuta əmanətlərini üstələməsi 2009-cu ilin martın 1-dək davam edib, sonra isə vəziyyət yenidən dəyişib. Belə ki, ötən ilin II rübünün əvvəlinə manat əmanətlərinin xüsusi çəkisi 46%, cari ilinə əvvəlinə 54,4%, aprelin 1-nə isə cəmi 37,3% təşkil edib.
İlk baxışdan yaranmış vəziyyət əhali tərəfindən manata olan etibarlığının azalmasından xəbər verir, lakin bu, doğru fikir kimi qəbul edilə bilməz və bunu bir neçə amil də təsdiqləyir. İlk növbədə qeyd etmək olar ki, bu cür yanaşma üçün heç bir makroiqtisadi əsas yoxdur. Belə ki, cari ilin I rübündə bir sıra ölkədə milli valyutalar 25-30% və daha çox devalvasiya olunsa da, manat dollara qarşı cəmi 0,2% ucuzlaşıb. Bu da dünya maliyyə böhranı, neftin ötən illə müqayisədə ucuzlaşması və s. amilləri nəzərə alanda həddindən artıq kiçik göstəricidir. Məsələn, heç bir böhran şəraiti olmayan illərdə Azərbaycanda manatın dollara qarşı orta illik ucuzlaşması 5-6% təşkil edib.
Bundan başqa, əmanətlər avroda da yerləşdirildiyinə görə, avro/manat nisbətini də qeyd etmək lazımdır. Cari ilin I rübü ərzində manat avroya qarşı 4,7% bahalaşıb. Beləliklə, əhali tərəfindən manat əmanətlərinin valyuta əmanətlərinə çevirməsi barədə yarana biləcək ehtimallar yanlışdır, hətta manat əmanətlərinin avro əmanətlərinə çevrilməsi məntiqsiz görünür.
Bununla bağlı qeyd edək ki, Azərbaycanda son zamanlar kreditləşmə prosesi, o cümlədən istehlak və biznes kreditləşməsi tam dayandırılmasa da, şərtlər kəskin sərtləşib və kredit almaq əvvəlki kimi asan deyil. Bu səbəbdən, cari tələbatı, biznes məqsədləri, dövriyyə vəsaitlərinin artırılması məqsədləri üçün əhali əvvəlki kimi kreditlərdən deyil, öz əmanətlərindən istifadə etmək məcburiyyətindədir və dolların mübadilə məzənnəsi aşağı olduğundan və manat əmanətləri valyuta əmanətləri ilə müqayisədə daha yüksək olduğundan, əmanətlərin azalması məhz əsasən manat depozitləri üzrə baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR