Bank Of Baku

ATİB: «Azərbaycanda yalnız 10 bank bazarın əsas iştirakçılarıdır»

ATİB: «Azərbaycanda yalnız 10 bank bazarın əsas iştirakçılarıdır»
# 29 aprel 2009 13:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) tədqiqat proqramı çərçivəsində Azərbaycanın maliyyə sektoru üzrə hazırladığı hesabatı açıqlayıb.
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən ATİB-in İdarə Heyətinin sədr müavini Camal Yanğın qeyd edib ki, hesabatın hazırlanmasında əsas məqsəd Azərbaycanın maliyyə sektorunda mövcud problemlərlə tanış olmaq, onları aradan qaldırmaq və müvafiq tövsiyələr verməkdir: «Hesabatda ölkənin bank, qeyri-bank kredit təşkilatları, həmçinin lizinq, sığorta və qiymətli kağızlar bazarı kimi sahələr üzrə aparılan araşdırmaların nəticələri əksini tapıb».
Hesabatın hazırlanmasında məsləhətçi qismində iştirak edən ekspert İlkin Qarayev qeyd edib ki, hesabat 2008-ci ilin yanvar-sentyabr aylarının yekunları əsasında hazırlanıb. Belə ki, 2008-ci ilin oktyabr ayının 1-nə Azərbaycanda 142 kredit təşkilatı fəaliyyət göstərib. Onlardan 45-i bank, 97-si isə qeyri-bank kredit təşkilatı olub: «Qeyri-bank kredit təşkilatlarından da 78-i kredit ittifaqıdır və onların ümumi kredit portfeli 13 mln. manat təşkil edib. Bu isə ölkənin bank sektoru üzrə analoji ümumi göstəricədə 0,001% deməkdir».
İ.Qarayev həmçinin bildirib ki, son 3 ildə Azərbaycan banklarının kredit portfeli və aktivləri müvafiq olaraq 4,3 dəfə və 4,8 dəfə artıb. Bundan başqa, Azərbaycanın bank sektorunun sürətlə inkişaf etdiyini bildirən İ.Qarayev qeyd edib ki, əgər 2005-ci ildə bankların filiallarının sayı 414 vahid idisə, artıq 2008-ci ilin oktyabrın 1-nə filialların sayı 614-ə çatıb.
İ.Qarayevin sözlərinə görə, Azərbaycanda 40-dan artıq bankın olmasına baxmayaraq, onlardan yalnız 10-u (Azərbaycan Beynəlxalq Bankı, «Bank Standard», «Xalq Bank», «Azərdəmiryolbank», «Texnikabank» və s.) bazarın əsas iştirakçılarıdır.
Qeyd edək ki, indiyədək ATİB tədqiqat proqramı çərçivəsində «Azərbaycanın səhiyyə sektoru: mövcud vəziyyət və inkişaf perspektivləri» mövzusunda tədqiqatı ictimaiyyətə təqdim edib. Yaxın vaxtlarda isə «Azərbaycanda azad rəqabətin mövcud vəziyyəti və ölkə iqtisadiyyatına təsiri» və «Azərbaycanda təhsil sektorunun və biznesin qarşılıqlı əlaqələrin inkişaf perspektivləri» mövzularında həyata keçirdiyi araşdırmalar üzrə ictimai müzakirələrin təşkili planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR