Bank Of Baku

AZIPS sistemində ödəniş əməliyyatlarının sayı 6,5% azalıb

AZIPS sistemində ödəniş əməliyyatlarının sayı 6,5% azalıb
# 30 aprel 2009 10:25 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının Banklararası Milli Hesablaşmalar Sistemində (AZIPS) apardığı əməliyyatların həcmi 2009-cu ilin mart ayında 6 986 mln. manat təşkil edib. Bu barədə «APA-Economics»ə Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika Departamentindən məlumat verilib.

AMB-nin hesablamalarına görə, AZİPS sistemində qeydə alınan banklararası ödəniş əməliyyatlarının həcmi fevral ayı ilə müqayisədə 805 mln. manat və yaxud 13,02% artıb. Nəticədə, bu ilin birinci rübündə Milli Hesablaşmalar Sistemində əməliyyatların məcmu həcmi 18 170 mln. manata çataraq ötən ilin ilk üç ayında qeydə alınan göstəriciləri 6 893 mln. manat və ya 61,12% üstələyib.

Tranzaksiya həcmlərinin artması ilə bərabər, ödəniş əməliyyatlarının sayı mart ayında 30 minə, yanvar-mart aylarında isə toplum 87 minə çatıb. Son göstərici ötən ilin müvafiq dövrünə nisbətən 6 min və ya 6,45% azalıb. Bu zaman Banklararası Milli Hesablaşmalar Sistemində qeydə alınan hər bir əməliyyatın orta həcmi son bir ildə 131,1 min manatdan 232,9 min manatadək artıb. Maraqlıdır ki, ümumilikdə ölkə üzrə ödəniş əməliyyatlarının məcmu həcmində 93,48% məhz AZİPS-in payına düşür.

Xatırladaq ki, ölkədə fəaliyyət göstərən 46 bankın və Bakı Banklararası Valyuta Birjasının üzv olduğu AZİPS sistemi 2001-ci ildə yaradılıb. Ödəniş funksiyaları ilə bərabər bu sistem SWIFT - Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Sistemindən real vaxt rejimində istifadə imkanını təmin edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR