Bank Of Baku

Asiya İnkişaf Bankı: Asiya və Sakit Okean regionunda iqtisadi artım ilin sonuna 3,4%-ə düşəcək

Asiya İnkişaf Bankı: Asiya və Sakit Okean regionunda iqtisadi artım ilin sonuna 3,4%-ə düşəcək
# 04 may 2009 07:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Hazırda dünyada müşahidə olunan maliyyə böhranı dövründə Asiya və Sakit Okean regionlarının iqtisadi artımı bir qədər zəifləyib. «APA-Economics»in məlumatına görə, bunu Asiya İnkişaf Bankının (AİB) prezidenti Haruhiko Kuroda AİB-in Balidə (İndoneziya) keçirilən 42-ci illik iclasında bildirib.
H.Kurodanın sözlərinə görə, əgər bu regionda 2007-ci ildə iqtisadi artım rekord – 9,5% səviyyəsinə çatmışdırsa, artıq cari ilin sonunda bu göstəricinin 3,4%-ə düşəcəyi proqnozlaşdırılır: «Maliyyə böhranına cavab olaraq, AİB 2009-cu il ərzində üzv-ölkələrə əlavə 10 mlrd. ABŞ dolları məbləğində vəsait ayıracaq. Gələn ilin yekununda isə regionda iqtisadi artımın 6%-ə çatacağı gözlənilir».
Bundan başqa, H.Kuroda AİB-in kapitalının 55 mlrd. dollardan 165 mlrd. dollaradək artırılması və bir sıra digər məsələlər barədə toplantı iştirakçılarına məlumat verib.
Qeyd edək ki, mayın 5-dək davam edəcək tədbirdə Azərbaycanı ölkənin maliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Bundan başqa, iclasa Azərbaycan Beynəlxalq Bankı və «Texnikabank» SKB-nin rəsmi nümayəndələri də qatılıb. Ümumiyyətlə, iclasda AİB-in üzvü olan 67 ölkədən təxminən 3 mindən artıq nümayəndə iştirak edir.
Xatırladaq ki, Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Bu dövr ərzində AİB Azərbaycanın dövlət və qeyri-dövlət sektorlarına 200 mln. ABŞ dollarına yaxın kredit ayırıb. Hazırda AİB-in Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində Azərbaycanda Yevlax-Gəncə və Qazax-Gürcüstan sərhədi avtomobil yollarının reabilitasiya və genişləndirilməsi, Dəmir Yolu Ticarəti və Daşımalara Dəstək layihələri, habelə «Şəhər su təchizatı və kanalizasiya Layihəsi», «Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması Layihəsi», Gəncə dairəvi avtomobil yolunun tikintisini və digər layihələr maliyyələşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR