Bank Of Baku

IFC ilə «AGBank» arasında iki saziş imzalanıb - FOTOSESSİYA

IFC ilə «AGBank» arasında iki saziş imzalanıb - <font color=red>FOTOSESSİYA</font>
# 05 may 2009 10:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda Azərbaycanın «AGBank» Səhmdar Kommersiya Bankı ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında iki sənəd imzalanıb.
«APA-Economics»in məlumatına görə, bunlardan biri 10 mln. ABŞ dolları həcmində subordinasiya olunmuş kreditin ayrılmasını nəzərdə tutan saziş, digəri isə bankın risklərin idarə edilməsində məsləhət xidmətlərinin göstərilməsi üzrə anlaşma memorandumudur. Hər iki sənədi «AGBank» tərəfindən İdarə Heyətinin sədri Azər Mövsümov, IFC-dən isə Korporasiyanın Cənubi Avropa və Orta Asiya üzrə direktoru Şahbaz Mavaddat imzalayıblar.
Tədbirdə iştirak edən «AGBank»ın Müşahidə Şurasının sədri Çingiz Əsədullayev bankın son bir neçə il ərzində xaricdən cəlb olunmuş investisiyalar barədə, həmçinin bu investisiyalar nəticəsində Azərbaycanda kiçik və orta müəssislərin maliyyə imkanlarının genişləndirilməsi və əlverişli maliyyə vəsaitlərinə çıxış imkanlarından danışıb.
Ç.Əsədullayevin sözlərinə görə, Azərbaycanın iqtisadi inkişafı durmadan artmaqdadır və bu tendensiya 2009-cu il ərzində də davam edəcək ki, bu da ölkə rəhbərinin həyata keçirdiyi siyasətin nəticəsidir: «IFC-nin maliyyə vəsaiti və məsləhət xidmətləri səhmdarlarımız üçün prioritet olan institusional imkanlarımızı artırmağa, həmçinin kiçik və orta müəssisələrə daha əlverişli vəsaitlər təklif etməyə kömək edəcək».
Tədbirdə iştirak edən Azərbaycan parlamentinin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə ölkənin bank sektorunun inkişafı və bu istiqamətdə hökumətin həyata keçirdiyi tədbirlərdən danışıb.
IFC-nin regional direktoru Ş.Mavaddat isə ayrılan kredit xəttinin 70 min yeni kiçik və orta müəssislərin layihələrini maliyyələşdirməyə imkan verəcəyini bildirib: «Bu kredit xətti ilə yanaşı bizim imzaladığımız ikinci sənəd bankda risklərin idarə edilməsi səviyyəsini müasir standartlara çatdıracaq».
Qeyd edək ki, bu kredit IFC tərəfindən bankın kapitallaşması və inkişafı üçün təsdiq etdiyi 15 mln. dollarlıq investisiyanın bir hissəsidir.
Xatırladaq ki, «AGBank» 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 204,767 mln. manat, depozit portfeli 105,042 mln. manat, kredit portfeli 155,144 mln. manat, məcmu kapitalı 31,386 mln. manat, o cümlədən, nizamnamə kapitalı 15 mln. manat təşkil edib.
Bankın respublika üzrə 16 filialı, 54 bankomatı və 409 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR