Bank Of Baku

«Kapital Bank» bu il bankomatların sayını 31% artıracaq

«Kapital Bank» bu il bankomatların sayını 31% artıracaq
# 07 may 2009 08:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kapital Bank» Səhmdar Kommersiya Bankı (SKB) bu il ərzində bankomatların sayını 31,3% artıraraq 420-ə çatdırmağı planlaşdırır. «APA-Economics»in məlumatına görə, bunu bankın İdarə Heyətinin sədri Rauf Rzayev bildirib.

R.Rzayevin sözlərinə görə, Bakı və regionlardan yeni bankomatların quraşdırılması ilə bağlı müraciətlər daxil olur: «Bankomatların alınması bankdan əlavə xərclər tələb edir. Belə ki, təqaüdçülər və əmək haqqı alan vətəndaşlar bankomatlardan yalnız 7-10 gün müddətində istifadə edirlər. Ayın qalan 20 günü isə həmin bankomatlar əlavə enerji aparır və xərclərin artmasına gətirib çıxarır. Lakin bu sosial məsələ olduğu üçün biz bu il ərzində əlavə 100 bankomat quraşdırmağı planlaşdırırıq. Çünki ölkə əhalisinin əksər hissəsi əmək haqları və təqaüdləri «Kapital Bank»ın bankomatları vasitəsi ilə alır».

Qeyd edək ki, hazırda bankın respublika üzrə 320 bankomatı var.

Xatırladaq ki, «Kapital Bank» SKB 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «AtaHolding» (30%), «Paşa Holding» (30%), «Xalq Sığorta» (15%), «Azersun Holding» (10%), fiziki şəxslər (10%) və bankın əmək kollektivi (5%) çıxış edir.

Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 341,534 mln. manat, depozit portfeli 174,914 mln. manat, kredit portfeli 168,059 mln. manat, məcmu kapitalı 76,754 mln. manat, o cümlədən nizamnamə kapitalı 24 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR