Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata əsasən, yeni verilmiş kreditlərin strukturunda uzunmüddətli kreditlərin xüsusi çəkisi 36,5% təşkil edib. Yeni verilmiş uzunmüddətli kreditlərin həcmi isə 2009-cu ilin yanvar-mart aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 45,1% azalıb:
(mln. manat)
Yeni kreditlərin həcmi | 2009-cu ilin I rübü | 2008-ci ilin I rübü |
Qısamüddətli | 1 053,7 | 789,1 |
1 ayadək | 60,7 | 120,9 |
1 aydan 3 aya qədər | 81,3 | 111,5 |
3 aydan 6 aya qədər | 143,9 | 145,7 |
6 aydan 9 aya qədər | 206,7 | 104 |
9 aydan 1 ilə qədər | 561,1 | 307 |
Uzunmüddətli | 604,5 | 1 101,1 |
1 ildən 3 ilə qədər | 494,5 | 95,7 |
3 ildən 5 ilə qədər | 87,2 | 98,1 |
5 ildən 10 ilə qədər | 21,8 | 34,7 |
10 ildən yuxarı | 1 | 16,6 |
Cəmi | 1 658,2 | 1 890,2 |
Göründüyü kimi, əsas azalma 1 ildən 3 ilə qədər müddətə verilən kreditlər üzrə müşahidə olunur ki, bu azalma 5,2 dəfə təşkil edib. Eyni zamanda, 6-9 aylıq və 9-12 aylıq kreditlər üzrə nəzərə çarpan dərəcədə artım baş verib.
AMB-nin məlumatına görə, təhlil olunan dövrdə qısamüddətli kredit qoyuluşlarının 94,5%-ni banklar tərəfindən verilən kreditlər, 5,5%-ni isə qeyri-bank kredit təşkilatlarının ssudaları təşkil edib. O cümlədən, bank sisteminin qısamüddətli kredit qoyuluşunda Beynəlxalq Bankın payı 33%, digər bankların payı isə 67% olub. Uzunmüddətli kredit qoyuluşunun 98,3%-ni bank kreditləri, 1,7%-ni isə qeyri-bank kredit təşkilatlarının kreditləri təşkil edib. Bank sisteminin uzunmüddətli kredit qoyuluşunda Beynəlxalq Bankın payı 42,4%-ə, digər bankların payı isə 57,6%-ə bərabər olub.
Qeyd edək ki, ümumilikdə, cari ilin aprelin 1-nə kredit qoyuluşlarının həcmi 6 221,3 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 276,2 mln. manat və ya 25,8% çoxdur. Kredit qoyuluşlarının 33,3%-i qısamüddətli kreditlərin payına düşür:
(mln. manat)
| 01.04.2009 | 01.01.2008 |
Qısamüddətli kreditlər | 2 070,2 | 1 725 |
Uzunmüddətli kreditlər | 4 151,1 | 3 220,1 |
Kredit qoyuluşları, cəmi | 6 221,3 | 4 945,1 |
Göründüyü kimi, uzunmüddətli və qısamüddətli kreditlərin ümumi həcmdə nisbətləri yeni verilmiş kreditlər və cəmi kredit portfeli üzrə fərqlənir. Bu da son zamanlar banklar tərəfindən uzunmüddətli kreditlərin verilməsini məhdudlaşdırılması və kreditlərin əsas hissəsinin qısamüddətli kreditləşməyə yönəldilməsinin nəticəsidir.