Bank Of Baku

«İnvestisiya fondları haqqında» qanun layihəsi bu ay Azərbaycan hökumətinə təqdim olunacaq

«İnvestisiya fondları haqqında» qanun layihəsi bu ay Azərbaycan hökumətinə təqdim olunacaq
# 09 may 2009 11:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin may ayı ərzində Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən hazırlanmış «İnvestisiya fondları haqqında» qanun layihəsi hökumətə təqdim olunacaq. Bu barədə «APA-Economics»ə QKDK-nın sədri Rüfət Aslanlı məlumat verib.

R.Aslanlının sözlərinə görə, qanun layihəsinin son müzakirələri xarici ekspertlərin cəlb olunması ilə dünən aparılıb: «Güman edirik ki, həmin qanun layihəsini may ayı ərzində tamamlayıb hökumətə təqdim edəcəyik».

R.Aslanlı onu da bildirib ki, QKDK həmçinin Mülki Məcəlləyə bir sıra əlavənin edilməsi layihəsini də hökumətə təqdim edib: «Yaxın günlərdə bu əlavələri artıq növbəti mərhələyə qəbul etmək üçün təqdim edə biləcəyik. Əsas məqsəd qiymətli kağızlar bazarında peşəkarların sayını genişləndirmək və risklərin idarə olunmasına nail olmaqdır».

Qeyd edək ki, «İnvestisiya fondları haqqında» qanun investisiya fondlarının fəaliyyəti üçün tələb olunan əsas hüquqi sənəddir. Qanun layihəsinə investisiya fondlarının iki növü - səhmdar və paylı investisiya fondlarının fəaliyyəti haqqında müddəalar daxildir. Hazırda inkişaf edən ölkələrin bazarlarında əsasən paylı investisiya fondları (PİF) geniş yayılıb.

PİF-lərin fəaliyyəti fərdi investorlara payların satışından əldə olunan maliyyə vəsaitlərinin müxtəlif maliyyə və digər aktivlərin alınmasına yönəldilməsindən ibarətdir. Bu halda investor öz qazancını ona məxsus olan payın PİF-ə geri satışından (qaytarılmasından) əldə edir.

Onu da vurğulamaq vacibdir ki, Azərbaycanda investisiya fondları tərəfindən sərmayə qoyula biləcək istiqamət və alətlərin geniş olması nəzərdə tutulur. Yəni, bu yalnız qiymətli kağızlar deyil, digər aktivlər də ola bilər. Qanun layihəsində investorların hüquqlarının müdafiəsinə də xüsusi diqqət yetirilir.

Ekspertlər hesab edirlər ki, PİF-lərə yatırılan investisiyalar bank depozitlərinin alternativi olduğuna görə, bu fondlara qoyulan sərmayələr hətta bank depozitlərinin həcminə çatacaq. Çünki PİF-lərin payları üzrə illik gəlirlik 60-80% və hətta bundan da artıq ola bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR