Bank Of Baku

Azərbaycanda kommersiya bankları üzrə xalis mənfəətin norması 19%-ə çatıb

Azərbaycanda kommersiya bankları üzrə xalis mənfəətin norması 19%-ə çatıb
# 12 may 2009 10:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu gəlirləri 2009-cu ilin yanvar-mart ayları üzrə 328,88 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bankların məcmu rüblük xərcləri isə 223,71 mln. manata bərabər olub. Nəticədə, bankların balans mənfəəti 105,17 mln. manat təşkil edib.
Bundan əlavə, aktivlər üzrə xüsusi ehtiyatlara ayırmalar I rübün yekununda 24,12 mln. manat təşkil edib ki, bu göstərici də balans mənfəətindən çıxıldıqdan sonra vergi ödənilənədək mənfəətin həcmi 81,05 mln. manata bərabərdir. Beləliklə, aparılan hesablamalar göstərir ki, Azərbaycandakı kommersiya bankları üzrə mənfəətin norması (mənfəətin gəlirlərdə xüsusi çəkisi) 24,6%, xalis mənfəətin norması isə 19,2% təşkil edir. Qeyd edək ki, müxtəlif ölkələrdə mənfəət vergisi üzrə fərqli dərəcələr tətbiq olunduğuna görə, xalis mənfəətin normasına dair beynəlxalq miqyasda hər hansı etalon kimi qəbul olunmuş vahid göstərici yoxdur, lakin Azərbaycan bankları üzrə müşahidə olunan göstərici məqbul hesab oluna bilər.
Eyni zamanda, bankların maliyyə vəziyyətini qiymətləndirən digər vacib göstərici üzrə oxşar təhlil aparmaq mümkündür. Belə ki, Azərbaycan bank sistemi üzrə xərclərin gəlirlərə nisbəti 68% təşkil edir ki, bu da dünya praktikasında qəbul edilən normadan çox yüksəkdir. Xatırladaq ki, Qərb bank sistemində qəbul edilən normalara görə, kommersiya banklarında xərclərin gəlirlərə nisbəti 50-55%-i üstələməməlidir. Həmin göstəricinin isə bundan artıq olması bank xərclərinin yüksək olduğunu əks etdirir. Qeyd edək ki, sözügedən göstərici üzrə dünyada ən böyük nailiyyətlər Yaponiya və Cənub-Şərq Asiya bank sistemlərində müşahidə olunur və burada xərclərin gəlirlərə nisbəti 40%-dən aşağıdır.
Qeyd edək ki, 2008-ci ilin sonuna Azərbaycan bank sistemi üzrə xalis mənfəətin norması 15,3%, xərclərin gəlirlərə nisbəti isə 63,6%-ə bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR