Bank Of Baku

ATİB Azərbaycanda azad rəqabətin mövcud vəziyyəti ilə bağlı tədqiqat aparıb

ATİB Azərbaycanda azad rəqabətin mövcud vəziyyəti ilə bağlı tədqiqat aparıb
# 13 may 2009 14:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) «Azərbaycanda azad rəqabətin mövcud vəziyyəti və ölkə iqtisadiyyatına təsiri» adlı təqdimatın müzakirəsini keçirib. «APA-Economics»in məlumatına görə, ATİB-in sədri Əhməd Erentok bildirib ki, araşdırmanın əsas məqsədi Azərbaycanda rəqabət mühitini istər dövlət, istərsə də şirkətlər üçün müəyyən etməkdir. Araşdırmada Azərbaycanda rəqabət mühitinin hüquqi əsasları nəzərdən keçirilib, habelə ölkədə rəqabət mühitinin dövlət tənzimlənməsinin institusional bazası da araşdırılıb.

ATİB sədri qeyd edib ki, tədqiqat proqramı çərçivəsində «Azərbaycanın səhiyyə sektoru: mövcud vəziyyət və inkişaf perspektivləri», «Azərbaycanın maliyyə sektoru haqqında hesabat» mövzulu tədqiqatlar ictimaiyyətə təqdim edilib. Yaxın vaxtlarda «Azərbaycanda təhsil sektorunun və biznesin qarşılıqlı əlaqələrinin inkişaf perspektivləri», «Azərbaycanın xarici ticarət rejimi və ÜTT ilə əlaqələrin perspektivliyi», «Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı» mövzusunda həyata keçirilən araşdırmalar da ictimai müzakirəyə təqdim olunacaq.

Araşdırmanın müəllifi Kənan Aslanlı isə bildirib ki, tədqiqat çərçivəsində Azərbaycanda rəqabət bazarının təhlili bir neçə nümunə üzərində qurulub. Ölkə bazarında rəqabət mühitinə ilkin baxış sığorta bazarından başlanıb. Bazar analizinin yekunu olaraq, Azərbaycan bazarında rəqabət mühitinin əsas özünə xas ünsürü kimi çıxış edən qeyri-iqtisadi dəstək anlayışının nəzəri-praktik çərçivəsi genişləndirilib. Ümumi bazar analizindən sonra, Azərbaycan bazarında mütəmadi olaraq qarşılanılan haqsız rəqabət halları, onların səbəbləri, şirkətlərin davranış qaydaları nümunələrlə göstərilib.

«Sığorta bazarının tədqiqi zamanı burada gizli inhisarçıların olduğu aşkarlanıb. Hava nəqliyyatı vasitələrinin, həmçinin hərbi qulluqçuların, dövlət qulluqçularının, məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası bazarlarında tam «təmərküzləşmə» və ya inhisarçıların olduğu müəyyən edilib», - deyə K.Aslanlı qeyd edib.

K.Aslanlı onu da qeyd edib ki, sığorta bazarının ilkin, ümumi təhlili zamanı Herifindal-Hirşman indeksinin 801,3 olduğu müəyyən olunub.

Tədqiqatların yekununda dövlətə bir sıra təkliflər də ünvanlanıb. Bunların sırasında rəqabət orqanı olan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidmətinin statusunun dəyişdirilməsi, status baxımından Xidmətin rəhbərliyi bilavasitə dövlət başçısı tərəfindən təyin olunan müstəqil mərkəzi icra hakimiyyəti orqanı olaraq yenidən formalaşdırılması təklif olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR