Bank Of Baku

İqtisadi Tədqiqatlar Mərkəzi: Azərbaycanda son 10 ildə ilk dəfə illik deflyasiya müşahidə olunub

İqtisadi Tədqiqatlar Mərkəzi: Azərbaycanda son 10 ildə ilk dəfə illik deflyasiya müşahidə olunub
# 14 may 2009 13:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) «Alternativ inflyasiya səviyyəsinin hesablanması Layihəsi» çərçivəsində 2009-cu ilin aprel ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb. «APA-Economics»in məlumatına görə, İTM-in İdarə Heyətinin sədr əvəzi Vüsal Qasımlı son 10 il ərzində Azərbaycanda ilk dəfə olaraq illik 1,47% deflyasiyanın qeydə alındığını bildirib.

V.Qasımlının sözlərinə görə, statistik müşahidə nəticəsində bu ilin aprel ayında mart ayına nisbətən deflyasiya prosesi bir qədər zəifləyib. Belə ki, ay ərzində Azərbaycanda istehlak qiymətləri indeksi 0,36% azalıb. O cümlədən, Bakıda deflyasiya 0,08%, regionlarda isə 0,64% təşkil edib.

Əmtəə qrupları üzrə ən yüksək deflyasiya ötən ay olduğu kimi, bu ay da qeyri-ərzaq məhsullarında (0,76%) qeydə alınıb. Bu sıradan tikinti materialları (2,92%), geyim və ayaqqabı (0,73%), təsərrüfat malları (0,23%) daha çox ucuzlaşıb. Ərzaq məhsullarından isə süd və süd məhsulları, yumurta (3,68%) və meyvə-tərəvəz (2,43%) dəyərdən düşüb.

Təhlil olunan ay ərzində istehlak qiymətləri indeksi 2008-ci ilin aprel ayı ilə müqayisədə 1,47% azalıb. Bu zaman ən çox qiymət azalması ərzaq məhsulları üzrə (4,92%) müşahidə olunub. Bununla yanaşı, illik ölçüdə qeyri-ərzaq məhsulları 1,69%, xidmətlər isə 3,88% ucuzlaşıb.

V.Qasımlı bildirib ki, ay ərzində ümumilikdə deflyasiya qeydə alınsa da, bir sıra məhsul və xidmətlərdə bahalaşma müşahidə olunub. Belə ki, xurma 16,22%, alma 14,68%, heyva 11,63%, baş soğan 37%, xarici dil kursları 5,0% bahalaşıb. Ən çox ucuzlaşan məhsullar isə istilik xiyarı (23,89%), toyuq yumurtası (10,96%), sement (9,62%), zeytun yağı (8,71%) və banan (8,47%) olub: «Bananın qiyməti ucuzlaşsa da, hələ də Azərbaycanda bu məhsul Avropa və Rusiya ilə müqayisədə bahadır. Əgər Azərbaycanda bananın 1 kiloqramı 2 manatadırsa, Rusiyada 1 manat, Avropada isə 90 qəpikdir. Bir sıra digər məhsul və xidmətlər üzrə də Azərbaycanda qiymətlər daha yüksəkdir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR