Bank Of Baku

Azərbaycanda sadələşdirilmiş vergi sisteminin dəyişdirilməsi ilə bağlı səslənən yeni təkliflər bu mexanizmin effektini azalda bilər

Azərbaycanda sadələşdirilmiş vergi sisteminin dəyişdirilməsi ilə bağlı səslənən yeni təkliflər bu mexanizmin effektini azalda bilər
# 15 may 2009 13:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan hökuməti hazırda tətbiq olunan sadələşdirilmiş vergi növünün əhatə dairəsinin genişləndirilməsi təklifləri müzakirə edir. «APA-Economics»in məlumatına görə, təklif sadələşdirilmiş vergi ödəyiciləri üçün maksimal dövriyyənin artırılmasını nəzərdə tutur.

Vergi Məcəlləsinin 218.1-ci maddəsinə əsasən, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və əvvəlki üç aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həcmi 22 500 manat və ondan az olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdir. Sözügedən təklifə əsasən, vergi tutulan əməliyyatların illik həcminin 66,7% - 150 min manatadək (rüblük – 37 500 manat) artırılması nəzərdə tutulur.

Həcmin artırılmasının əsas məqsədi sahibkarlar arasında çox cəlbedici olan sadələşdirilmiş vergi sisteminin əhatə dairəsini genişləndirməkdir. Yəni, hazırda sadələşdirilmiş vergitutmaya cəlb olunan bir sıra sahibkar öz fəaliyyəti nəticəsində rüblük 22,5 min manat deyil, daha çox gəlir əldə edir. Nəticədə, bu sahibkarların ƏDV məqsədləri üçün qeydiyyata alınmaması və sadələşrilmiş vergi sistemi ilə fəaliyyətini davam etməsi məsələsi çox aktualdır.

Lakin bəzi hesablamalar sözügedən dəyişikliklərin sahibkarlara verəcəyi faydasını sual altına qoyur. Belə ki, sadələşdirilmiş vergi sistemi ilə vergi ödəyən sahibkarlar əsasən ticarət, iaşə və xidmət sahələrində çalışır. Ticarət sahəsində isə öz növbəsində mənfəətin həcmi, adətən, satılan malların ümumi dövriyyəsinin 10-15%-ni təşkil edir. Beləliklə, illik 150 min manat, aylıq isə 12,5 min manat məbləğindədövriyyəsi olan və Bakıda fəaliyyət göstərən sahibkar sadələşdirilmiş vergi sisteminə uyğun ayda 500 manat məbləğində vergi ödəyir.

Əgər həmin sahibkar sadələşdirilmiş vergini deyil, mənfəət vergisi ödəyirsə, bu halda verginin məbləği fərqli olacaq. Belə ki, 12,5 min manatlıq gəlirdən təxminən 85%-i (ticarət sahəsi üçün) malın maya dəyərinə xərclər kimi çıxmaq lazımdır. Nəticədə, sahibkarın sərəncamında təxminən 1 875 manat həcmində mənfəət qalır, hesablanacaq mənfəət vergisi (22%) isə 412,5 manat təşkil edəcək. Bu isə aylıq 12,5 min manat dövriyyəsi olan ticarət obyekti üçün sadələşdirilmiş vergi sistemindən daha əlverişlidir. Maraqlıdır ki, mənfəət vergisi ödəyicisi əldə olunan mənfəətdən bəzi məsrəfləri çıxmaq hüququna da malikdir ki, bu da vergiyə cəlb olunan mənfəətin real məbləğini daha da axaldır.

Göründüyü kimi, sadələşdirilmiş vergi sistemi üzrə maksimal dövriyyənin artırılması ilə bağlı irəli sürülən təkliflər bu vergi növü üzrə işləyən subyektlər üçün (əsasən də, ticarət sektoru) heç də əlverişli hesab oluna bilməz.

Xatırladaq ki, hazırda Azərbaycanda tətbiq olunan sadələşdirilmiş vergi dərəcəsi Bakı şəhəri üzrə ümumi dövriyyədən 4%, regionlar üzrə isə 2% , təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR