Bank Of Baku

Avropa Yenidənqurma və İnkişaf Bankının illik toplantısında Azərbaycanla bağlı təqdimat keçirilib

Avropa Yenidənqurma və İnkişaf Bankının illik toplantısında Azərbaycanla bağlı təqdimat keçirilib
# 20 may 2009 06:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Londonda keçirilən Direktorlar Şurasının XVIII İllik Toplantısında iştirak edib.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə ölkəmizi AYİB-də Azərbaycandan müdir, iqtisadi inkişaf naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. İllik toplantıda həmçinin, Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov və Azərbaycanda fəaliyyət göstərən bir sıra kommersiya banklarının («Azərdəmiryolbank», «AGBank», «Bank Respublika» və «Bank of Baku») nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Ş.Mustafayev Azərbaycan iqtisadiyyatında aparılan islahatlar və əldə olunmuş uğurlar barədə geniş məlumat verib və qeyd edib ki, 2009-cu ilin I rübü ərzində ölkədə ÜDM istehsalı 4,1%, əhalinin gəlirləri 20% çoxalıb, qeyri-neft sektorunda isə 14%-lik artım müşahidə olunub.

Nazir həmçinin bildirib ki, dünyadakı maliyyə böhranı şəraitində Azərbaycan hökuməti tərəfindən valyuta ehtiyatlarından səmərəli istifadə, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, maliyyə intizamının möhkəmləndirilməsi, milli valyutanın sabitliyinin qorunması və ölkədə investisiya mühitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər böhranın ölkə iqtisadiyyatına təsirini neytrallaşdırıb.

Azərbaycanın qeyri-neft sektorunda AYİB-in həyata keçirdiyi layihələrin əhəmiyyətini vurğulayan Ş.Mustafayev 2008-ci ildə 84 mln. avro dəyərində 19 layihənin, ümumilikdə isə indiyə qədər AYİB tərəfindən Azərbaycanda 1 mlrd. avro dəyərində 109 layihənin həyata keçirildiyini qeyd edib. Nazir həmçinin qeyri-neft sektorunda, xüsusilə də Azərbaycan regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək layihələrin, o cümlədən kənd təsərrüfatının inkişafı, meliorasiya, su təchizatı və digər layihələrin icrasına AYİB tərəfindən investisiya qoyulmasının məqsədəuyğun olduğunu bildirib, AYİB-in Sahibkarlığa Kömək Milli Fondu və Azərbaycan İnvestisiya Şirkəti ilə sıx əlaqələrinin qurulacağına ümidvar olduğunu vurğulayıb.

AYİB-in Direktorlar Şurasının XVIII İllik Toplantısı çərçivəsində Azərbaycan üzrə ölkə təqdimatı da keçirilib. Belə ki, Ş.Mustafayev və Ş.Mövsümov çıxış edərək Azərbaycan iqtisadiyyatının inkişaf istiqamətləri, regional inteqrasiya məsələləri, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq və ölkədəki biznes imkanları barədə tədbir iştirakçılarına məlumat veriblər.

Səfər çərçivəsində Ş.Mustafayev AYİB-in prezidenti Tomas Mirou və Avropa İnvestisiya Bankının nümayəndələri ilə də görüşüb. Görüşlərdə 2009-cu ilin I rübündə Azərbaycan iqtisadiyyatının inkişaf göstəriciləri, dünyadakı maliyyə böhranı şəraitində həyata keçirilən tədbirlər, Dövlət Proqramları ilə bağlı fikir mübadiləsi aparılıb və əməkdaşlıq perspektivləri müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR