Bank Of Baku

Azərbaycanın 2008-ci il dövlət büdcəsinin icrasına dair hesabat Milli Məclisdə baxılmaq üçün tövsiyə olunub

Azərbaycanın 2008-ci il dövlət büdcəsinin icrasına dair hesabat Milli Məclisdə baxılmaq üçün tövsiyə olunub
# 20 may 2009 11:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev, Elbrus Seyfullayev – APA-Economics. Bu gün Milli Məclisin iqtisadi siyasət komitəsinin iclasında Azərbaycanın 2008-ci il dövlət büdcəsinin icrasına dair hesabat müzakirə olunub. «APA-Economics»in məlumatına görə, maliyyə naziri Samir Şərifovun təqdim etdiyi hesabata əsasən, 2008-ci ildə dövlət büdcəsinin mədaxil proqnozu 10 484 mln. manata qarşı 10 762,7 mln. manat icra olunub ki, bu da əvvəlki ilin analoji göstəricisindən 79,2% çoxdur. Büdcə gəlirlərinin ÜDM-ə nisbəti 28,3% təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 7,1 faiz bəndi çoxdur.

Ötən il dövlət büdcəsinin gəlirlərinin 52,9%-i Vergilər Nazirliyi, 10,3%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxil olub. Dövlət Neft Fondundan daxilolmalar büdcənin 35,3%-ni təşkil edib. Beləliklə, Vergilər Nazirliyi tərəfindən 5 695,4 mln. manat daxil olub ki, bu da proqnozdan 5,9% çox olub. Gömrük Komitəsi tərəfindən daxilolmalar proqnozu 0,1% üstələyərək 1 110,4 mln. manat təşkil edib. Neft Fondundan daxilolmalar isə proqnoza tam uyğun həyata keçirilib və 3,8 mlrd. manat olub.

Ötən il dövlət büdcəsinin xərcləri 11 060,6 mln. manat proqnoza qarşı 10 774,2 mln. manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 77% çoxdur. Dövlət büdcəsinin xərclərinin strukturunda iqtisadi təsnifata uyğun xərclər 4 428,6 mln. manat, sosial təyinatlı xərclər 1 909,4 mln. manat, təhsil xərcləri 979,7 mln. manat, səhiyyə xərcləri 346,2 mln. manat, sosial müdafiə və sosial təminat xərcləri 846,4 mln. manat, mədəniyyət, incəsənət, informasiya və digər kateqoriyalara aid edilməyən sahələr üzrə fəaliyyət xərcləri isə 140,2 mln. manat təşkil edib. Qeyd edək ki, büdcədən maliyyələşən müdafiə xərcləri 1 321,2 mln. manata, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri isə 533,9 mln. manata bərabər olub.

Keçən il dövlət büdcəsində xarici dövlət borcu və öhdəliklərə xidmət göstərilməsi ilə bağlı xərclər üzrə nəzərdə tutulan 132,1 mln. manat proqnoza qarşı icra 97 mln. manat təşkil edib. Maliyyə Nazirliyinin hesabatına əsasən, xaricdən cəlb edilmiş kreditlər üzrə 2008-ci ildə nəzərdə tutulduğundan az istifadə edilməsi, həmçinin, istifadə edilmiş kreditlər üzrə müəyyən olunmuş faiz dərəcələrinin aşağı düşməsi həmin kreditlərə xidmətlə bağlı xərclərdə qənaət olunmasına imkan verib. Qeyd edək ki, daxili dövlət borcunun xidmət edilməsi üzrə xərclər 18,2 mln. manat təşkil edib ki, bu da proqnozdan 13,3% az olub.

Beləliklə, 2008-ci ilin dövlət büdcəsində 11,5 mln. manat həcmində kəsir yaranıb. Hesabata görə, kəsirin maliyyələşdirilməsi üçün 182,7 mln. manat məbləğində vəsait cəlb olunub, o cümlədən 108,9 mln. manat dövlət əmlakının özəlləşdirilməsindən, 73,8 mln. manat isə qiymətli kağızların satışından daxil olub. Nəticədə, 2009-cu ilin yanvarın 1-nə dövlət büdcəsi üzrə vahid xəzinə hesabının qalığı 269,8 mln. manata bərabər olub.

Komitənin iclasının sonunda hesabatın parlamentin plenar iclasında müzakirə çıxarılması tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR