Bank Of Baku

Azərbaycana idxal azalır

Azərbaycana idxal azalır
# 20 may 2009 13:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 2009-cu ilin birinci rübü üzrə 3 804,4 mln. ABŞ dolları təşkil edib. Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, xarici ticarət dövriyyəsinin 2 482,3 mln. dolları ixrac, 1 322,1 mln. dolları isə idxalın payına düşüb. Nəticədə, xarici ticarət üzrə 1 160,2 mln. dollar həcmində müsbət saldo yaranıb.

Qeyd edək ki, ötən ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin ümumi həcmi 31,3%, ixrac 1,6 dəfə artdığı halda, idxal 2,3% azalıb. Xarici ticarətdə yaranmış müsbət saldo isə illik müqayisədə 6,1 dəfə artıb.

Ənənəvi olaraq, Azərbaycan ixracının əsas hissəsi neft və neft məhsullarının payına düşür. Belə ki, cari ilin yanvar-mart aylarında neft və neft məhsulları ixracın 91,6%-ni təşkil edib ki, bu da ölkə iqtisadiyyatının neftdən olan asılılığının aydın göstəricisidir. Eyni zamanda, Azərbaycana gətirilən malların sırasında üstüynlüyü maşın, mexanizmlər və elektrotexnika avadanlığı (33,3%), ərzaq malları (18,2%), quru, hava və su nəqliyyatı vasitələri (13,4%) təşkil edir.

Qeyd edək ki, ötən ilin birinci rübündə neftin orta qiyməti təxminən 95 dollar/barel, neftin ölkə ixracında payı isə təxminən 90% olub. Bu ilin müvafiq dövründə isə neftin orta qiymətinin hətta 50 dollardan aşağı səviyyədə olmasını nəzərə alsaq, hesabat dövründə neft və neft məhsulları ixracının fiziki həcmlərinin kəskin artdığı aydınlaşar. Digər tərəfdən, idxalın azalmasında da qiymət amili mövcuddur. Belə ki, dünya maliyyə və iqtisadi böhranı nəticəsində Azərbaycanın əsas xarici ticarət tərəfdaşı olan ölkələrdə illik deflyasiya və ya ötən ilin göstəricisindən kəskin aşağı olan inflyasiya müşahidə olunur. Daha dəqiq desək, əsas xarici ticarət tərəfdaşı olan ölkələrdə illik qiymət dəyişməsi ötən ilin müvafiq qiymətləri ilə müqayisədə idxalın pul ifadəsində mövcud 2,3%-lik azalmasından daha yüksək olması ehtimalı çoxdur və bu, onu göstərir ki, idxalın fiziki həcmi artır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR