Bank Of Baku

IFC Azərbaycanın daha bir kredit təşkilatı ilə əməkdaşlığa başlayıb

IFC Azərbaycanın daha bir kredit təşkilatı ilə əməkdaşlığa başlayıb
# 20 may 2009 13:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankı qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə Azərbaycanda Korporativ İdarəetmə Layihəsinin (AKİL) II fazasının ilk pilot təşkilatı arasında müqavilə imzalanıb.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən IFC-nin məsləhətçi proqramlar üzrə baş meneceri xanım Tatyana Lozanski qeyd edib ki, II fazanın ilk pilot təşkilatı Azərbaycanın qeyri-bank kredit müəssisəsi olan «CredAgro» seçilib: «Layihə «CredAgro»nun şəffaflığının artırılması, xarici investisiyaların cəlb olunması və digər istiqamətlərdə müsbət nəticələri təmin edəcək».

T.Lozanski onu da bildirib ki, layihənin I fazasında IFC 6 pilot təşkilat seçib, onların korporativ idarəetmə sistemini təkmilləşdirib və nəticədə, onlardan 3-ü layihəni bitirərək ümumi həcmi 17 mln. ABŞ dolları olan vəsait cəlb edə bilib. T.Lozanskinin sözlərinə görə, layihə çərçivəsində «CredAgro»nun korporativ sənədlərinə yenidən baxılacaq, İdarə Heyətinin üzvlərinə təlimlər keçiriləcək: «Ümid edirəm ki, layihənin nəticəsində «CredAgro» Azərbaycanda mikro-maliyyə sektorunda nümunəvi şirkət olacaq».

Tədbirdə çıxış edən layihəyə dəstək verən İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) region üzər rəhbərinin müavini Filipp Keller bildirib ki, layihənin II fazasında da 6 pilot təşkilat seçiləcək ki, bunlardan biri «CredAgro» olub.

Tədbirdə iştirak edən «CredAgro»nun İdarə Heyətinin sədri Eldar Cəfərov qeyd edib ki, IFC ilə «CredAgro» uzun müddətdir əməkdaşlıq edir. Belə ki, ötən dövr ərzində Korporasiya «CerdAgro»ya 8 mln. dollar məbləğində kredit ayırıb, bunun da 4 mln. dolları subordinasiya olunmuş vəsaitdir: «Artıq bütün vəsaiti biz kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə yönəltmişik. IFC-nin kreditləri nəticəsində isə biz digər kreditlər cəlb edə bilmişik».

«CredAgro»nun son illər ərzində 2-3 dəfə böyüdüyünü bildirən E.Cəfərov həmçinin qeyd edib ki, AKİL-a qoşulmaq şirkət üçün vacibdir: «Layihə bizim üçün 1 il davam edəcək ki, ilk 3 ay ərzində IFC şirkətin qiymətləndirilməsini aparacaq, digər 9 ay ərzində isə layihənin icrasına sərf olunacaq».

Qeyd edək ki, AKİL yerli şirkət və bankların korporativ idarəetmə təcrübəsini daha da təkmilləşdirəcək və portfel riskini azaldacaq. Bu, investisiya vasitəsi ilə ölkənin biznes və maliyyə sektorlarının inkişafına və ümumiyyətlə Azərbaycanın iqtisadi vəziyyətinin yaxşılaşmasına təkan verəcək.

Xatırladaq ki, «CredAgro» qeyri-bank kredit təşkilatının kredit portfelinin həcmi 40,5 mln. manat, nizamnamə kapitalı isə 9,1 mln. manat təşkil edir. Təsisçisi ABŞ-ın ACDİ/VOCA təşkilatı olan «CredAgro» Azərbaycanda 2000-ci ildən fəaliyyət göstərir. Təşkilatın ölkə üzrə 13 filialı və 7 köməkçi ofisi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR