Bank Of Baku

«Kapital Bank»da yeni prosessinq sisteminin təqdimatı keçirilib

«Kapital Bank»da yeni prosessinq sisteminin təqdimatı keçirilib
# 21 may 2009 11:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Azərbaycanın «Kapital Bank» Səhmdar Kommersiya Bankı (SKB) özünün yeni prosessinq sisteminin təqdimatını, həmçinin milyonuncu kart sahibinin mükafatlandırılması ilə bağlı tədbir keçirib.

«APA-Economics»in məlumatına görə, tədbirdə bankın İdarə Heyətinin sədri Rauf Rzayev yeni sistemin tətbiqi ilə bağlı alınmış server və şəbəkə avadanlıqlarının quraşdırılaraq «VİSA» və «MasterCard» beynəlxalq ödəniş sistemlərinin tələblərinə uyğun müvafiq işlərin görüldüyünü bildirib.

R.Rzayevin sözlərinə görə, bank tərəfindən xidmət infrastrukturunun tərkib hissəsi kimi plastik kartlarla dövlət əhəmiyyətli layihələrin (pensiya, kənd təsərrüfatı istehsalçılarına yardımlar, əmək haqqı, məcburi köçkünlərə verilən yemək xərcləri və s.) icrası uğurla həyata keçirilir və hazırda bu kartların sayı 2 mln-a yaxın bir həddədir: «Plastik kartlar üzrə aparılan əməliyyatların həcmini nəzərə alaraq, həmçinin müştərilərə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi üçün bank özünə yeni prosessinq mərkəzi yaradıb. Yeni prossesinq sisteminə keçid zamanı bank heç bir maliyyə itkisi ilə üzləşməyib».

R.Rzayev bildirib ki, sistemin gücü 2,5 mln. kart, 550 bankomat, 5 min POS-terminal və 200 informasiya köşkünə xidmət göstərməyə imkan verir. Yeni sistem 1 saniyədə 60-dan çox kart üzrə əməliyyat aparmaq imkanına malikdir.

Həmçinin, tədbir zamanı «Kapital Bank»ın bir milyonuncu kart (VİSA) sahibi Tünzalə Ramazanova bankın rəhbərliyi tərəfindən pul mükafatı və qiymətli hədiyyə ilə mükafatlandırılıb.

Qeyd edək ki, «Kapital Bank»ın yeni prosessinq sistemi mayın 5-də istifadəyə verilib. Həmin gün banka məxsus məlumatlar «Azericard» MMC-dən alınaraq sözügedən sistemə miqrasiya edilib. Müvafiq xidmətlərin göstərilməsi ilə bağlı bankın ötən il elan etdiyi tenderdə Rusiyanın «Kompas» şirkəti qalib gəlib və yeni prosesinq sistemi həmin təşkilat tərəfindən qurulub.

Xatırladaq ki, «Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «Paşa Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) çıxış edir.

Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 341,534 mln. manat, depozit portfeli 174,914 mln. manat, kredit portfeli 168,059 mln. manat, məcmu kapitalı 76,754 mln. manat, o cümlədən nizamnamə kapitalı 24 mln. manat təşkil edib.

Hazırda bankın respublika üzrə 89 filialı, 312 bankomatı və 480 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR