Bank Of Baku

Ekspertlər: Dolların ilin sonunadək ucuzlaşacağı gözlənilir

Ekspertlər: Dolların ilin sonunadək ucuzlaşacağı gözlənilir
# 22 may 2009 09:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Cari həftənin əvvəlində başlanan ABŞ dollarının avroya qarşı tədricən ucuzlaşması ilk zaman çox qısamüddətli hadisə kimi qəbul olunsa da, artıq bu proses həftə ərzində davam etdiyindən iqtisadçıların diqqətini cəlb etməyə başlayıb. Hazırda prosesin səbəblərinin əsaslı olub-olmaması və yaxın gələcək üçün proqnozların mümkünlüyü araşdırılır. Lakin bu sahədə analitiklərin fikirləri olduqca fərqlidir. «APA-Economics»in məlumatına görə, ABŞ iqtisadçısı, Nobel mükafatı laureatı Pol Kruqmanın «Bloomberg» agentliyinə bildirdiyinə görə, dünya maliyyə və iqtisadi böhranın sona yaxınlaşması dolların məzənnəsini kəskin zəiflədə bilər.

P.Kruqmanın fikrincə, Federal Ehtiyat Sistemi tərəfindən faiz dərəcələrinin azaldılması, qeyri-sağlam aktivlərin, o cümlədən ipoteka qiymətli kağızlarının geri alınması və ümumilikdə hökumətin stimullaşdırma tədbirləri böhrandan qalib çıxmağa kömək edib. Nəticədə, ABŞ-da ÜDM-in həcmi ilin ikinci yarısında bir qədər yüksələ, işsizliyin səviyyəsi isə azala bilər. Lakin iqtisadiyyatın bərpası dollara zərbə vuracaq, çünki böhranın ilkin mərhələsində riskli aktivlərdən qurtulmaq istəyən invetorlar süni şəkildə dollara olan tələbatı artırıb. Hazırda isə, iqtisadiyyatın tədricən sağlamlaşması fonunda investorlar yenidən fond bazarına qayıdır və bu, öz növbəsində, dolların məzənnəsinə mənfi təsir göstərir. Həmçinin, dünya iqtisadiyyatın sabitləşməsi ABŞ-ın xarici borcunun artmasına səbəb olacaq ki, bu da dolları müəyyən qədər zəiflədəcək.

P.Kruqman dolların hansı səviyyəyə kimi ucuzlaşması barədə proqnoz vermir, lakin digər analitiklər, o cümlədən «JPMorgan» bankının yeni proqnozları ilin sonuna avronun 1,45 dollaradək bahalaşacağından xəbər verir.

Eyni zamanda, avronun ilin sonuna qədər 1,2 dollaradək ucuzlaşacağı barədə fikirlər səslənir. Bu proqnozlar ABŞ-ın ənənəvi olaraq dünyanın aparıcı iqtisadiyyatı olması və böhrandan ən tez çıxması ehtimalları ilə əsaslandırılır.

Xatırladaq ki, hazırda avronun məzənnəsi 1,3943 dollar təşkil edir və bu, dolların həftə ərzində 3,8% ucuzlaşması deməkdir. Azərbaycanda bu proses yalnız avronun bahalaşmasında özünü göstərir. Belə ki, hazırda dolların məzənnəsi həftə ərzində 0,01% azalaraq 0,8036 manat təşkil etdiyi halda, avro həftə ərzində 3,7% bahalaşaraq 1,1192 manata çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR