Bank Of Baku

Azərbaycan Ümumdünya Gömrük Təşkilatının konfransında iştirak edib

Azərbaycan Ümumdünya Gömrük Təşkilatının konfransında iştirak edib
# 25 may 2009 10:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Bergendə (Norveç) keçirilən Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransında iştirak edib.

Dövlət Gömrük Komitəsindən (DGK) «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Azərbaycanı DGK-nın sədri Aydın Əliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Konfransda «ÜGT-nin XXI əsrdə gömrük strategiyası: sərhəd idarəetməsində daha səmərəli qarşılıqlı işin təşkili, XXI əsrdə gömrük işinin əsas prioritetləri və tələbatları», ÜGT-nin baş katibinin müavini vəzifəsinə Avropa regionundan olan namizədlərin təqdimatlarının dinlənilməsi, Siyasi Komissiyaya, Maliyyə və Audit komitələrinə, eləcə də ÜGT sədrinin Avropa regionu üzrə müavini vəzifəsinə seçiləcək namizədlərlə bağlı məsələlərə baxılması, Bosniya və Hersoqovinanın üzv dövlət kimi ÜGT-yə qəbul edilməsi, potensialın gücləndirilməsi, gömrükdə «bir pəncərə» prinsipinin tətbiqi mexanizmləri, «Gömrüyün inkişafı: Belarus Gömrük Xidmətinin təqdimatında» və digər məsələlər müzakirə edilib.

Konfransda həmçinin, 52 ölkəni özündə birləşdirən Avropa üzrə yeganə regional ofisin açılması ilə bağlı Azərbaycan nümayəndə heyəti təqdimatla çıxış edib. Təqdimatından sonra Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Macarıstan, İsrail, İrlandiya və s. nümayəndə heyətlərinin rəhbərləri təqdimatı yüksək qiymətləndirib və Azərbaycanda regional ofisin açılmasına müsbət rəy veriblər. ÜGT-nin baş katibi Kunio Mikuriya, eləcə də konfrans iştirakçıları verilən təklifi müsbət dəyərləndirib və ÜGT-nin iyun ayında keçiriləcək sessiyasında bu təklifə baxılması qərara alınıb.

Konfrans çərçivəsində həmçinin, Azərbaycan nümayəndə heyətinin üzvü, DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi İqbal Babayev «Azərbaycan dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipinin tətbiqi haqqında» təqdimatla çıxış edib. Qazaxıstan, Slovakiya, Polşa, Latviya, Estoniya və digər ölkələrin nümayəndə heyətləri «bir pəncərə» təcrübəsindən yararlanmaq üçün Azərbaycan tərəfinə müraciət ediblər.

Bundan başqa, Azərbaycan nümayəndə heyəti K.Mikuriya ilə də görüşüb. Görüşdə ikitərəfli münasibətlərin inkişafı müzakirə olunub, həmçinin Bakıda keçirilən İslam Konfransı Təşkilatı Hüquq Mühafizə Orqanları rəhbərlərinin iclası barədə məlumat verilib, qəbul edilmiş Bakı Bəyannaməsi K.Mikuriyaya təqdim olunub.

Xatırladaq ki, konfransda 44 ölkədən 97 nümayəndə iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR