Bank Of Baku

Bakıda «Azərbaycan kapital bazarının inkişafı» mövzusunda donorların ilk məşvərət yığıncağı keçirilib

Bakıda «Azərbaycan kapital bazarının inkişafı» mövzusunda donorların ilk məşvərət yığıncağı keçirilib
# 27 may 2009 10:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda Azərbaycan qiymətli kağızlar bazarının inkişafı üzrə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) birgə təşkilatçılığı ilə «Azərbaycan kapital bazarının inkişafı» mövzusunda donorların ilk məşvərət yığıncağı keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbir çərçivəsində hazırda dünyada müşahidə olunan maliyyə böhranının ölkələrə təsirindən danışan QKDK-nın sədri Rüfət Aslanlı qeyd edib ki, bu dövr ərzində böhrandan zərər çəkmiş ölkələrin məcmu itkiləri 4,5 trln. ABŞ dollarına çatıb və zərərin çox hissəsi real sektorun üzərinə düşüb. Azərbaycanın böhrandan ən az zərər çəkmiş ölkələr sırasında olduğunu bildirən Komitə sədri vurğulayıb ki, cari ilin I rübündə ölkədə ÜDM-in həcmi 4,1% artıb: «Hesabat dövründə ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 15,2% artaraq 1,6 mlrd. manata çatıb. İnvestisiyaların 84%-i istehsal təyinatlıdır və 70%-i qeyri-neft sektoruna yatırılıb».

Hazırda Azərbaycanda maliyyə likvidliyinin məqbul olduğunu bildirən R.Aslanlı həmçinin bildirib ki, mövcud olan potensialdan istifadə edərək və texniki yardımlardan səmərəli faydalanaraq ölkənin kapital bazarının inkişafı üçün qoyulan məqsədlərə çatmaq mümkün olacaq.

Tədbirdə çıxış edən USAID-in Vaşinqton ofisinin proqramlar üzrə iqtisadçısı xanım Raçel Bahn qeyd edib ki, USAID və QKDK Azərbaycanın kapital bazarında birgə təhlil aparıb: «Bu bazarda mövcud olan bir sıra problemlərin aradan qaldırılması üçün USAID Azərbaycan hökumətinə öz töhfələrini verəcək».

Toplantıda iştirak edən Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycan üzrə meneceri xanım Aliyə Əzimova IFC-nin strategiyasından məlumat verib və qeyd edib ki, təşkilat Azərbaycanda əsasən maliyyə, sahibkarlığın inkişafı kimi sahələrə diqqət yetirir. A.Əzimova onu da bildirib ki, Azərbaycanda yerli kapital bazarının inkişafı prioritet sahələrdən ola bilər.

Yığıncaqda iştirak edən İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) regional direktorunun müavini Filip Keller SECO-nun Azərbaycandakı fəaliyyətindən danışıb və bildirib ki, SECO Azərbaycanın kapital bazarının inkişafına dair töhfələrini verəcək.

Tədbirdə çıxış edən Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan nümayəndəliyinin rəhbəri Koba Qvenetadze maliyyə böhranın dünya iqtisadiyyatına təsirindən məlumat verib və qeyd edib ki, cari ilin sonunda dünya iqtisadiyyatının 1,3% tənəzzülə uğrayacağı gözlənilir: «Gələn il 0,6%-lik artımın olacağı proqnozlaşdırılsa da, dünya iqtisadiyyatının böhrandan sonra bərpası üçün G-20 ölkələri fiskal siyasət çərçivəsində 2009-cu ildə ÜDM-in 2%-i, 2010-cu ildə isə 2,5% vəsait ayırmalıdır».

Azərbaycanın böhrandan ən az zərər çəkmiş ölkələr sırasında olduğunu bildirən K.Qvenetadze həmçinin qeyd edib ki, Azərbaycan öz kapital bazarının inkişafına ciddi diqqət yetirməlidir: «BVF Azərbaycanın qiymətli kağızlar bazarının təkmilləşdirilməsi üçün müəyyən addımlar atacaq və ölkə hökumətinə tövsiyələr verəcək».

Xatırladaq ki, tədbirdə həmçinin kapital bazarının qiymətləndirilməsi və inkişaf strategiyasına dair bir sıra təqdimatlar keçirilib.

Qeyd edək ki, toplantıda Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Dünya Bankı, Avropa İttifaqının Texniki Yardım Proqramı (TACIS), Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) və Türkiyə Beynəlxalq Əməkdaşlıq Təşkilatının (TİKA) nümayəndələri də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR