Mərkəzi Bankın “2009-cu ilin aprel ayı üzrə kredit qoyuluşlarının vəziyyəti barədə” icmalına əsasən, eyni zamanda yeni verilmiş kreditlərin həcmi 2009-cu ilin yanvar-aprel aylarında 2 381,8 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,8% azdır. Aprel ayında cəmi kredit qoyuluşunun 97,2%-ni banklar tərəfindən verilən kreditlər, 2,8%-ni isə qeyri-bank kredit təşkilatlarının kreditləri təşkil edir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə banklar tərəfindən kredit qoyuluşları 20,3%, qeyri-bank kredit təşkilatlarının kreditləri isə 24,8% artıb. Qeyd edək ki, 2009-cu ilin aprel ayında kredit qoyuluşlarında özəl bankların payı 58,7%-ə bərabər olub.
Mayın 1-nə kredit portfelin əsas hissəsini qeyri-maliyyə müəssisələri olan hüquqi şəxslərə kredit qoyuluşları təşkil edir ki, burada ötən ilin müvafiq dövrünə nəzərən kredit qoyuluşları 22,9% artıb. Onun cəmi kredit qoyuluşunda xüsusi çəkisi 60,9%-ə bərabər olub:
(mln. man.)
| 01.05.09 | Xüsusi çəkisi | 01.05.08-ə dəyişmə (%) |
Qeyri-maliyyə hüquqi şəxslər | 3 826,1 | 60,9 | +22,9 |
Ticarət və xidmət | 1 263,8 | 20,8 | -9,9 |
Energetika və təbii ehtiyatlar | 344,2 | 7,2 | -6,0 |
Kənd təsərrüfatı | 353,5 | 5,8 | +53,1 |
İnşaat və əmlak | 646 | 10,6 | +53,9 |
Sənaye və istehsal | 499,7 | 8,2 | +41,9 |
Nəqliyyat və rabitə | 424,3 | 7,0 | +76,0 |
Dövlət idarəetmə | 0,7 | 0,01 | +7 dəfə |
Digər kredit əməliyyatları | 294,1 | 4,8 | +3 dəfə |
Fiziki şəxslər | 2 251,5 | 37,1 | +12,8 |
Cəmi | 6 077,6 | 100 | +19 |
* Göstəricilər vaxtı keçmiş kreditləri nəzərə alınmadan əks olunub
Göründüyü kimi, son bir ildə bankların kredit portfellərində tərkib hissələri üzrə çox müsbət dəyişikliklər baş verib. Yəni bank sistemi üzrə kredit portfelində real sektora aid sahələrə verilən kreditlərin artım tempi çox yüksək olub, eyni zamanda birbaşa istehsalatla bağlı olmayan sahələrdə, o cümlədən ticarət və xidmət sahələrinə qoyulan kreditlərin həcmi azalıb. Azalma, ümumilikdə, müsbət hal sayılmasa da, kənd təsərrüfatı, sənaye və istehsal, inşaat kimi real sahələrdə kredit qoyuluşların kəskin artım tempinin olması müsbət haldır.