Bank Of Baku

Azərbaycanda birja listinqinə həsr olunmuş konfrans keçirilib

Azərbaycanda birja listinqinə həsr olunmuş konfrans keçirilib
# 29 sentyabr 2009 09:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Bakı Fond Birjasının (BFB) təşkilatçılığı ilə BFB-da yeni listinq qaydalarına həsr olunmuş «Listinq: alternativ maliyyələşmə yolu» adlı konfrans keçirilib. «APA-Economics»in məlumatına görə, konfransda çıxış edən BFB-nın prezidenti Xəyal Abdinov listinqin mahiyyəti barədə danışıb və vurğulayıb ki, yeni qaydalar fond birjasının inkişafına təkan verəcək.

Tədbirdə çıxış edən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı qeyd edib ki, Azərbaycanda yeni listinq qaydalarının tətbiqi dünya maliyyə sisteminin təkmilləşmə dövrünə təsadüf edib. Belə ki, dünya maliyyə və iqtisadi böhranı səngiməyə doğru gedir və maliyyə sistemi dirçəlmək üzrədir ki, bunu da ABŞ, Avropa və digər regionlar üzrə cari makroiqtisadi göstəricilər və proqnozlar da sübut edir.

R.Aslanlının sözlərinə görə, cari ilin ilk 8 ayı ərzində Azərbaycanda ÜDM-in artımı 5%, sənaye istehsalının artımı 4% təşkil edib. İş yerlərinin bağlanması üzrə Azərbaycan kiçik göstəricilərə malik olan ölkələr sırasındadır. Yanvar-avqust aylarında ölkədə əsas kapitala investisiyaların həcmi 4,6 mlrd. manata bərabər olub, valyuta ehtiyatları 17 mlrd. dollara, tədiyyə balansının müsbət saldosu isə 4 mlrd. dollara çatıb.

Konfransda çıxış edən Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov isə bildirib ki, yeni listinq qaydalarının tətbiqi ölkədə fəaliyyət göstərən şirkətlər üçün maliyyə vəsaitlərinin cəlb edilməsi üçün əlavə imkanlar yaradacaq. Eyni zamanda, bu, fond birjasının inkişafına xidmət göstərəcək.

Qeyd edək ki, tədbir çərçivəsində alternativ maliyyələşmə yolları, BFB-nin yeni listinqi, investisiyaların prioretitləri, yerli və beynəlxalq təcrübə, market-meykerlik və anderraytinq mövzularında təqdimatlar keçirilib.

Konfransda IFC, Azərbaycan İnvestisiya Şirkəti, Avropa Yenidənqurma və İnkişaf Bankı, London Fond Birjası, İstanbul Fond Birjası, dövlət qurumları və yerli şirkətlərin nümayəndələri iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR